Bu gün:

Uşaqlar pulla necə tanış olmalıdır?


Uşaqlar pulun nə olduğunu 3 yaşından etibarən bilirlər, hətta 7 yaşında onların xərcləmə vərdişləri formalaşır. Valideynlər uşaqlarda pula baxışı, onların israfçı və ya qənaətcil olub-olmadığını, onu xərcləmə üsulunu formalaşdırır.

“Uşaqlar və pul” kitabının müəllifi Jayne Pearl deyir ki, uşaqlara bankomatın nə olduğunu izah etmək, onlara pulun havada və sərhədsiz olmadığını öyrətmək üçün vacibdir. Uşaqlar üçün pul çəkmək prosesi maraqlı deyil. Uşaqlara pulumu banka qoymuşam, indi öz pulumu çıxarıram demək izah üçün doğrudur.

Maliyyə rol modeli olun

Mütəxəssislər uşaqların valideynlərinin pul xərcləmələrini təqlid etdiklərini aşkar ediblər. Yəni israf etdiyiniz hər bir pul qeydə alınır.

 Bütün yaşlar üçün pul dərsi

"Get a Financial Life" kitabının müəllifi Beth Koblinerdən valideynlər üçün məsləhət...

3-5 yaş

Uşağın hər istədiyini almaq doğru deyil. Məsələn deyin ki, o, istədiyi şeyi almaq üçün doğum gününə qədər gözləməlidir. Uşağınız üçün 3 banka hazırlayın. Bunlar qənaət etmək, xərcləmək və paylaşmaq üçün qablar olsun. Hər dəfə pul verdikdə ondan 3 bankaya bölməsini xahiş edin. Bu ərəfədə  almaq üçün arzular siyahısını hazırlayın. Hər dəfə pul verdiyiniz zaman hədəfinizə nə qədər qaldığını izah edin.

6-10 yaş

İzah edin ki, pul məhduddur və onu necə xərcləmək barədə düzgün qərar vermək lazımdır. Bu yaşda onu etdiyiniz strategiyalara daxil edin. Məsələn, “Mən bunu həqiqətən ehtiyacımız olduğu üçün aldım, digərini almadım, çünki gələn həftəyə qədər idarə edə bilərik."

11-13 yaş

Uşağınızla birlikdə ayda nə qədər kənara ayıra biləcəyinizi planlaşdırın. Nə qədər olmasının əhəmiyyəti yoxdur. Dama-dama göl olar. Ona deyin ki, əgər hər gün çipsə xərclədiyi pulu yığsa, ilin sonunda istədiyi böyük bir şeyi ala bilər.

14-18 yaş

Onunla əlavə xərcləri, xüsusən də məktəb xərcləri barədə açıq danışın. Ona il ərzində nə qədər xərcləndiyini bildirin.

Bunları da unutmayın

1. "Uşaq nə bilir?" deməyin, uşağın məsuliyyət hissi və riyazi bacarıqlarının inkişafı üçün cib xərcliyi çox vacibdir. Amma cib xərcliyinin miqdarına qərar verərkən əmin olun ki, onun diqqətini böyük alış-verişə yönəldəcək və ehtiyatsız xərclərə səbəb olacaq qədər böyük deyil.

2. Verdiyiniz cib xərcliyi ilə hansı ehtiyacların ödənilə biləcəyini, nələri əhatə etdiyini və əhatə etmədiyini aydınlaşdırın.

3. Hər yaşa görə ümumi cib xərcliyinin miqdarını demək çətindir, ancaq uşağınızın yaşını, mühitini və iqtisadi vəziyyəti nəzərə alaraq cib xərcliyini müəyyənləşdirin. Uşağınızın dəyişən ehtiyaclarına uyğun olaraq pulun miqdarını yenidən planlaşdırın.

4. Həddindən artıq çox pul vermək uşağınızın arzuolunmaz mühitlərə girmə riskini artıra bilər. Beləliklə, çox pul verməklə uşağınıza yaxşılıq etmirsiniz. 

5. Standart məbləğdən çox az olan pul, uşağınızın həmyaşıdları ilə ictimai fəaliyyətlərdən uzaqlaşmasına və özünü etibarsız hiss etməsinə səbəb ola bilər.

6. Uşağınız istəmədiyiniz  işi gördükdə cəza olaraq onun cib xərcliyini kəsməyin.

7. Planlı xərcləmə şüuru hələ həll olunmayıbsa, ilk növbədə, gündəlik pul verin. Gündəlik xərclərin nizamlı olduğunu müşahidə etdikdə həftəlik, hətta aylıq pul verə bilərsiniz.

8. İstədiyi zaman pul verməyin, amma “pulumuz yoxdur” kimi sərt ifadələr işlətməyin, uyğun dillə izah edin.

9. Bəzən səhv etməsinə icazə verin. Unutmayın ki, bu da bir öyrənmə üsuludur.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş