Bu gün:

“Valideynlər sərhədləri aydın təyin etməlidirlər”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramovadır. O, bir çox uşaqlarda dərs oxumağa, tapşırıq etməyə qarşı yaranan həvəssizlik haqqında danışıb.


-Sizcə, uşaqları dərsə həvəsləndirmək üçün nələr edilməlidir?




Bəzi uşaqlar dərslərinə həvəslə yanaşdığı halda, bəzi uşaqlar təşviq edilməyə ehtiyac duyurlar. Həyatın hər sahəsində ola bildiyi kimi bu istiqamətdə də uşaqların dəstəyə ehtiyacının olmağı normal bir haldır. Ümumiyyətlə, nəzərə alsaq ki, dərs etməyin hansı faydalarının olduğunu uşaq tam mənası ilə başa düşmür, o zaman uşağın dərs yox, oyun arzulamağı daha anlaşılan hala gəlir. Bunun üçün də valideynlər əlavə təşviqlər, dəstəyin hiss etdirilməsi, çətinlik çəkdiyi hissələrdə yardım gərəkli ola bilir. Bunun üçün ailənin edə biləcəkləri sırasına həftəlik proqramı aid edə bilərik. Bu proqram uşaqla birlikdə hazırlanmalı, həm valideynlərin, həm də uşağın fikirləri müzakirə olunaraq ortaq plan qurulmalıdır. Belə olan halda uşaq kontrolun onda da olduğunu hiss edərək daha həvəsli olacaq. Bu proqrama səhər oyanmağından yuxu saatına qədər bütün dərs, ev tapşırığı və istirahət saatları daxil olmalıdır. Bu rutin uşağa aid olduğu üçün saatları təyin edərkən uşaqla fikir alış-verişi aparmağa diqqət edilməlidir. Saat təyin edərkən həssas nöqtə, dərs çalışma saatlarını uzun tutmaq əvəzinə, hissələrə bölmək və aralara uşağın xoşuna gələcəyi fəaliyyətləri əlavə etmək lazımdır. Bu yolla səmərəliyi artırmaq daha mümkün hala gələ bilir. Lakin bu fəaliyyətlərə telefon və ya televizor izləmək aid deyildir.


Tədqiqatlar dərs çalışdıqdan sonra yatmağın, öyrənilən bilgilərin yaddaşda daha yaxşı qaldığını göstərib. Ancaq gündəlik rutində telefon, televizor saatını mükafat olaraq son saata qoyduğumuz üçün dərs etdikdən sonra yatmağı tətbiq etmək həmişə mümkün olmur. İmtahan vaxtlarında kənara çıxaraq, bunu tətbiq etmək müvəfəqiyyəti artıra biləcək faktorlardandır. Həftəlik plan uğurla yerinə yetirildiyi halda bu vərdişi möhkəmləndirmək üçün mükafatdan istifadə etmək mümkündür. Mükafat seçərkən isə bahalı olmamağına diqqət etmək lazımdır. Mükafat uşağın seçdiyi amma valideynlərin standartlarına uyğun bir şey olmalıdır. Ümumilikdə, uşaqlara vərdişlərin, yeni davranışların qazandırılması istiqamətində valideynlərin tutarlı davranması ən önəmli faktorlardandır.


Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et