Bu gün:

"Bir müddət sonra nitqdə xoşa gəlməyən səslər yaranacaq"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi loqoped defektoloq Günel Fərzəliyevadır. O, valideynin övladın nitq qüsurlarını necə erkən müəyyən edə bilməsindən və loqopedlərə müraciətin vacibliyindən danışıb. 

-Sizcə, bir valideyn övladının dil terapiyasına getməli olduğunu necə başa düşə bilər?

-Valideyn olaraq biz bəzən övladlarımızda olan nitq qüsurlarının, artikulyasiya aparatda müəyyən deformasiyaların olub-olmamasının fərqinə varmırıq.

Valideynin övladının loqopedik seanslara ehtiyacının olduğunu ünsiyyətlilik, yaş xüsusiyyətləri, yaşlarına uyğun nitqə sahib olmadıqda, fikirlərini ifadə etməyi bacarmadıqda, artikulyasiya aparatda müəyyən bir deformasiyalar olduqda başa düşə bilərlər. 

Daha sonra əgər övladının nitqində səslərin doğru tələffüzü yoxdursa, bir səsi digər səslə əvəz edirsə, sözün deyilişində həmin səslər itirsə, artıq bu bir müddət sonra nitqdə xoşa gəlməyən səslər yaranacaq. Bu da artıq uşaqda dislaliyaya, yəni səslərin yanlış tələffüzündən xəbər verir ki, zamanında korreksiyan proses aparılmalıdır ki, həmin səslər korreksiya olunsun və uşağın nitqi daha  xoşagələn, daha anlaşıqlı formaya gəlib çatsın.

Biz övladımızın nitqinin düzgün inkişaf edib-etmədiyini körpəlik yaşlarından müşahidəsini apara bilərik, çünki uşaqlarda ağlama şəkilləri fərqlidir, əgər uşaq daimi olaraq monoton şəkildə, eyni səviyyədə ağlamağa başlayırsa, artıq ağlamağın səsində belə müəyyən dəyişikliklər özünü göstərmirsə, bu zaman belə terapevtə, eyni zamanda əsas dönəmlər – körpəlik dönəmi olduğu üçün tövsiyə edərdim ki, pediatrlara, öz həkimlərinə müraciət etsinlər.

 Hətta uşaqlar 2-6 ayından etibarən gülüşlərini səsli formada ifadə etməyə başlayırlar,  6 ayına qədər anlaşılmayan   müəyyən qığıldama səsləri  çıxarırlar

1 yaşı keçdikdən sonra 2 yaşına qədər olan dönəmlərdə uşaqlar artıq çevrəsində, ailə üzvlərində eşitdiyi səsləri təqlid etməyə, təkrarlamağa başlayır. 2 yaşından etibarən artıq öz fikirlərini az-çox ifadə etməyi, iki sözdən ibarət cümlələr qurmağı, natamam olan sözlərdən istifadə etməyi bacarırlar. Amma artıq 3 yaş və sonrakı dönəmlərdə, uşağın 1200-1500-ə yaxın söz ehtiyatı formalaşmağa başlamalıdır. Valideynlər övladlarının yaş xüsusiyyətlərinə uyğun nitq xüsusiyyətlərini bilməlidirlər ki,  nitq prosesindəki pozulmaları da bilsinlər.

Valideynlər övladlarının necə formalaşmalı, inkişaf etməli olduqlarını, yaş dönəmlərində olan müəyyən dəyişikliklər barədə geniş araşdırmalar edib məlumat alsınlar. Çünki artıq maariflənmiş, məlumatı olan bir valideyn övladının yaş xüsusiyyətlərinə uyğun olmayan hərəkətlərin, nitqindəki müəyyən ləngimələrin, qüsurların daha tez və zamanında fərqinə varmış olacaq, zamanında fərqinə varılmış bir problemin ardınca getmək,  rahat şəkildə uyğun profilaktik tədbirlər həyata keçirmək  həm pasiyent, həm də biz loqopedlər  üçün rahat proses olacaq.


Günay Məmmədova 

Paylaş
Şərh əlavə et