Bu gün:

Niyə dejavu ilə qarşılaşırıq?


Niyə dejavu ilə qarşılaşırıq?

İlk dəfə başınıza gələn bir hadisəni keçmişdə eyni şəkildə yaşamışsınız kimi düşüncəyə qapılmaq halına dejavu deyilir. Məlumdur ki, insanların 60-80%-i həyatında ən azı bir dəfə dejavu ilə qarşılaşır. Bununla belə, dejavu hələ də başa düşülməyib. Bu vəziyyətin ən əhəmiyyətli səbəbi, dejavunu irəli çəkən heç bir amil bilinmədiyi üçün laboratoriya mühitində dejavu ilə bağlı araşdırmaların aparılmasının çox çətin olmasıdır. Dejavu haqqında bilinən hər şey bu təcrübəni yaşamış insanların dediklərinə əsaslanır.

 Xatirələr beynin temporal lobunda saxlanılır. Buna görə də, dejavunu başa düşmək üçün temporal lob ilə yaddaşın saxlanması prosesi arasındakı əlaqəni başa düşmək lazımdır. Bu mövzu haqqında hələ çox az məlumat olsa da, bunun sinir hüceyrələrində məlumat ötürən elektrik siqnalları ilə əlaqəli ola biləcəyi düşünülür. Bəzi epilepsiya xəstələrinin epileptik tutmalardan əvvəl dejavu yaşadıqlarını söyləmələri bu fikri təsdiqləyir. Sağlam insanlar tərəfindən yaşanan dejavunun bir səbəbi epilepsiya ilə əlaqəli bəzi anormal elektrik siqnallarının sağlam insanlarda da görülməsi ola bilər.

 Sağlam insanların dejavu yaşamasının başqa bir səbəbi beyindəki müxtəlif sinir yolları arasında uyğunsuzluq ola bilər. Məsələn, vizual qavrayış meydana gələrkən, hisslərdən alınan və müxtəlif sinir yolları ilə daşınan məlumatlar, demək olar ki, eyni vaxtda beynin müxtəlif bölgələrinə çatır. Bəzi tədqiqatçılara görə, məlumat müxtəlif bölgələrə müxtəlif vaxtlarda çatarsa, beyin bu iki mesajı sanki fərqli zamanlarda baş vermiş hadisələr kimi qəbul edir və beləliklə dejavu yaşayır.

Mənbə: bilimgenc. tubitak. gov. tr

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et