Manik-depressiv xəstəlik kimi də tanınan bipolyar pozğunluq maniya və depressiya epizodlarını ehtiva edən psixi xəstəlikdir. Xəstənin əhval-ruhiyyəsi qəfil yüksəlir və ya çox gümrah olur, ya da əksinə, çox kədərli və ümidsiz olur. Sonra xəstə əvvəlki vəziyyətinə qayıdır.
Bipolyar pozğunluq adətən yeniyetməlik və ya erkən yetkinlik dövründə başlayır və ömür boyu davam edir.
Xəstəliyin effektiv müalicəsi var və xəstəni boşanma, işini itirmə, alkoqol, maddə asılılığı və intihar kimi nəticələrdən qoruyur.
Manik-depressiv xəstəlik müalicə edilmədikdə insanın həyatına mənfi təsir göstərə bilər və digər ciddi xəstəliklərdə olduğu kimi, bipolyar pozğunluğu olan ailə üzvləri də bu vəziyyətin təsiri altında qalırlar. Buna görə qeyri-adi davranış pozğunluqları ilə mübarizə aparmalı olurlar.
Bipolyar pozğunluğun irsi olduğuna inanılır, lakin hələ heç bir spesifik genetik pozğunluq təsvir edilməmişdir.
Bipolar pozğunluğun əlamətləri
Bipolyar pozğunluq maniya və depressiya tutmaları ilə irəliləyir
Manik epizodun simptomları:
Qıcıqlanma
Həddindən artıq qəzəb və ya sevinc halları
Davranışın adi haldan fərqli olduğu dövrlər
Artan enerji və aktivlik, daha sürətli düşüncə axını və nitq
Yuxu ehtiyacının azalması
Xəstənin öz gücü və qabiliyyətləri haqqında qeyri-real inancları olması
Artan cinsi maraq
Maddələrdən sui-istifadə, xüsusilə kokain, spirt və yuxu həbləri
Qəzəbləndirən və ya hər şeyə müdaxilə edən cazibədar davranış
Depressiv epizodun simptomları:
Pessimizm və ümidsizlik hissi
Günahkarlıq və dəyərsizlik hissi
Gündəlik fəaliyyətlərə maraq və istəyin azalması
Diqqət zəifkiyi və qərar qəbul etməkdə çətinlik, unutqanlıq
Yuxu pozğunluğu
İştah və kilo itkisi və ya çəki artımı
Fiziki bir xəstəliyə bağlı olmayan xroniki ağrı və davamlı fiziki şikayətlər
Ölüm və intihar düşüncələri, intihara cəhd
Müalicə
Bipolyar pozğunluğu olan xəstələrin əksəriyyəti (hətta çox ağır formalarda) müalicəylə yaxşılaşırlar
Litium həm manik tutmaların müalicəsində, həm də profilaktik tədbir kimi çox təsirlidir.
Dərmanlarla yanaşı psixoterapiya da çox faydalıdır.
Bipolyar pozğunluğu olan şəxs mütləq psixiatr tərəfindən müalicə olunmalıdır. Psixoloqlar və sosial işçilər kimi psixi sağlamlıq sahəsində çalışan digər şəxslər də müalicəni edə bilərlər.
Mənbə: Psikonet
Tərcümə etdi: Aminə Paşazadə
