Bu gün:

Bitkilərin qidalanmasına kömək edən mikroorqanizmlər


Torpaqdakı minerallarda saxlanılan fosforu buraxaraq bitkilərin qidalanmasına kömək edən mikroorqanizmlər aşkar edilib.

Süni gübrələrdə olan ən vacib qida maddələrindən biri fosfordur. Ancaq bitkilər gübrələrdəki fosforun hamısından deyil, yalnız bir hissəsindən faydalana bilər. Çünki torpağa səpilən gübrələrin tərkibindəki fosforun əhəmiyyətli bir hissəsi torpaqdakı minerallarla reaksiyaya girərək bitkilər tərəfindən mənimsənilə bilməyən birləşmələr əmələ gətirir. Bu problemin öhdəsindən gəlməyə çalışan fermerlər çox vaxt daha çox gübrədən istifadə edirlər. Bu, kənd təsərrüfatı torpaqlarında bitkilər üçün tamamilə yararsız olan fosforun miqdarının getdikcə artmasına səbəb olur.

Vaşinqton Universiteti və Sakit Okean Şimal-Qərb Milli Laboratoriyasında çalışan bir qrup tədqiqatçı bu yaxınlarda Frontiers in Plant Science jurnalında dərc etdikləri məqalədə torpaqda qalan fosforu buraxan mikroorqanizm kəşf etdiklərini açıqlayıb. 

Aşkar edilmiş mikroorqanizm endofit adlanan canlılara nümunədir. Bu mikroorqanizmlər həyatlarının ən azı bir hissəsini bitkilərin içərisində keçirir və bitkilər üçün tamamilə zərərsizdirlər. Endofitləri insan orqanizmində yaşayan, probiotiklər adlanan faydalı bakteriyalarla müqayisə etmək olar.

Aşkar edilmiş mikroorqanizmlər yabanı bitkilərdən toplanıb. Laboratoriya mühitində aparılan tədqiqatlar göstərir ki, bu mikroorqanizmlər torpaqda sıxışan fosforu buraxır və bu fosfor bitkilərin kökləri tərəfindən udula bilir.

Tədqiqatçıların apardığı araşdırmalar göstərir ki, fosfor təkcə torpaqda olanda deyil, həm də bitki tərəfindən udulduqdan sonra, bitkinin içərisində olan zaman da minerallarla birləşir. Aşkar edilmiş mikroorqanizm bitkinin bədənində olarkən fosforu minerallardan ayırır və bununla da bitkinin qidalanmasına kömək edir.

Alınan nəticələr, xüsusilə, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində istifadə oluna bilər. Kənd təsərrüfatı torpaqlarına buraxılan endofitlər bu torpaqlarda saxlanılan fosforu buraxaraq bitkilərin daha yaxşı qidalanmasına kömək edə bilər. Beləliklə, müxtəlif aspektlərdə ətraf mühitə zərərli olan kimyəvi gübrələrdən istifadəni azaltmaq olar.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova




Paylaş
Şərh əlavə et