Bu gün:

Bitkilər də heyvanlar kimi kamuflyaj ola bilərmi?



Bitkilərin özlərini təhlükə yarada biləcək canlılardan qorumaq üçün kamuflyaj qabiliyyətindən istifadə edə biləcəyini bilirdinizmi?

Canlılar yaşamaq üçün müxtəlif müdafiə üsulları inkişaf etdirirlər. Bunların arasında ən maraqlılarından biri də “kamuflyaj”dır. Kamuflyaj heyvanlar tərəfindən istifadə edildiyini bildiyimiz bir qabiliyyətdir. 

Təbiətdə rəngləri və naxışları sayəsində ətraflarından ayırd etmək çətin olan heyvanlarla rastlaşmısınız. Bəzi sənədli filmlərdə kərtənkələ kimi canlıların rəng dəyişdirmə qabiliyyətinin şahidi olmusunuz. Bəli, bitkilər də bəzi heyvanlar kimi müxtəlif strategiyalar inkişaf etdirərək özlərini gizlədə bilirlər. Araşdırmalar göstərir ki, bitkilər və heyvanlar tərəfindən istifadə edilən kamuflyaj strategiyaları arasında çoxlu ümumi cəhətlər var.

Bitkilər parlaq rəngləri ilə tozlanmaya kömək edən canlıların diqqətini çəkir. Onların yaşıl rəngi fotosintez üçün lazım olan xlorofil molekullarından gəlir. Bitki və heyvanların qarşılıqlı əlaqəsi baxımından bitki mənşəli heyvanların vizual diqqətini çəkdikləri üçün parlaq rəngli çiçəklərə, meyvələrə doğru yönəldikləri düşünülür. Bu səbəbdən parlaq rənglər bitkilər üçün dezavantaj ola bilər. Bununla belə, tikanları, tüklü örtükləri və ya zəhərli ifrazatları ilə özləri üçün təhlükəli olan canlılardan qoruna bilirlər. Bugünkü araşdırmalar göstərir ki, bəzi bitkilər düşmənlərindən qorunmaq üçün kamuflyaj qabiliyyətindən istifadə edə bilirlər. Bunu etmək üçün daş kimi obyektləri təqlid etməkdən tutmuş rənglərini yaşadıqları mühitin rəngləri ilə uyğunlaşdırmağa qədər müxtəlif strategiyalardan istifadə edə bilərlər.

2020-ci ildə Böyük Britaniyanın Exeter Universiteti və Çin Elmlər Akademiyasının alimləri Çinin Himalay və Hengduan dağlarının zirvəsində bitən Fritillaria delavayi bitkisinin kamuflyaj qabiliyyətini araşdırıblar.

Fritillaria delavayi bitkisi Çində 2000 ildən artıqdır ki, ənənəvi öskürək dərmanı kimi istifadə olunur. Kilosu, təxminən, 500 dollara başa gələn bu bitki insanlar tərəfindən tez-tez yığılır.


Yetkin Fritillaria delavayi bitkiləri iyun və oktyabr ayları arasında çiçək açır. Çinin cənub-şərqindəki qayalıq və dağlıq bölgələrdə görülən bu bitkinin rəngi yerləşdiyi yerə görə xeyli dəyişir. Bəzi bölgələrdə bitkinin yarpaqları yaşıl rəngi ilə qayaların arasında asanlıqla tanındığı halda, digər bölgələrdə boz-qəhvəyi rəngi ilə qayaların arasında yox olur.


Tədqiqatçılar bu rəng dəyişikliyinin səbəbinin insanlar tərəfindən törədilən fəaliyyətlər ola biləcəyini düşünüb 2014-2019-cu illər arasında yeddi fərqli bölgələrdə spektrometrlə rəngini ölçərək Fritillaria delavayi bitkisinin davranışlarını təyin etmək üçün araşdırmalar aparıblar. Nəticədə, intensiv yığım aparılan bölgələrdə bitkinin rənginin fon rənginə yaxın olduğu müəyyən edilib. 


Bitkilər heyvanlar kimi hərəkət edərək və ya qaçaraq təhlükələrdən uzaqlaşa bilməzlər. Ancaq araşdırmalar bizə göstərir ki, bitkilər kamuflyaj qabiliyyətləri sayəsində müxtəlif səbəblərdən yaşayış yerlərində yaranan təhlükələrdən qorunmağa çalışırlar. Bu, tozlayan canlıların onları aşkarlamasını çətinləşdirsə və fotosintez səmərəliliyini azaltsa da, bəzi bitkilər sağ qalmaq üçün kamuflyaj strategiyalarından istifadə etməyə davam edirlər.


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et