Bu gün:

Nəyə görə bəzən heç bir səbəb olmadan tıxac yaranır?



Qəza kimi heç bir aşkar səbəb olmasa da, siz sıx tıxacın şahidi ola bilərsiniz. Araşdırmalar göstərir ki, buna itin yolu keçməsi, yük maşınının zolaq dəyişdirməsi və ya sürücünün kənarda nəyəsə baxarkən sürəti azaltması səbəb ola bilər.

Təəccüblü olan odur ki, belə hadisələr müəyyən müddətdən sonra nəqliyyatın hərəkətinə təsir göstərir. Çünki belə vəziyyətdə arxadan gələn sürücü sadəcə bir anlıq dayansa da, onun yenidən sürətlənməsi üçün müəyyən vaxt tələb olunur. Arxadakı bütün vasitələrin dayanıb yenidən sürətlənməsinə səbəb olan bu vəziyyət şok dalğası şəklində arxaya doğru yayılaraq, sıx tıxaca, gözlənilməz sıxlığa səbəb olur. Nəqliyyat vasitələrinin sayının hər kilometrə 15-dən çox olduğu vəziyyət sıx tıxac kimi müəyyən edilir.

İngiltərədəki Exeter Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan modelləşdirmədə nəqliyyatın bir anlıq dayanmasına səbəb olan hadisədən dərhal sonra, təxminən, bir kilometr məsafədə olan avtomobillərin sürətini azaltdığı və hərəkətin qismən dayandığı müəyyən edilib. Bu modelləşdirmədə aydın olub ki, tıxaclara səbəb olan hadisə aradan qaldırıldıqdan dərhal sonra öndə olan avtomobillər sürətlənsə də, on dəqiqə keçsə də arxada olan avtomobillər hələ də dayandırılıb. Ancaq yüzlərlə avtomobilə təsir etsə də, yalnız qabaqda olan bir neçə avtomobil hərəkətin bir anlıq dayanmasına səbəb olan hadisənin şahidi ola bilir.

Tədqiqatçılar sürücülərin sürücülük vərdişlərinin yol hərəkətinə əhəmiyyətli dərəcədə təsir etdiyini göstərir. Çünki sürücü əyləci basdıqda, əslində onun arxasınca gedən bütün hərəkətə təsir edir. Buna görə də əyləci hansı qüvvə ilə basmağınız çox vacibdir. Məsələn, qarşısındakı nəqliyyat vasitələrinin hərəkətini diqqətlə izləyən sürücü problem yarandığı zaman tarazlı şəkildə sürəti azaldaraq, tam dayanmadan hərəkətinə davam edərək nəqliyyatın axıcı olmasını təmin edə bilir. Lakin problemi gec görən sürücü qəfil əyləc basaraq qısa müddətə də olsa tam dayanır və bu da kilometrlərlə arxadan gələn nəqliyyatın hərəkətinə təsir göstərə bilir. 


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et