Bu gün:

Paranoya nədir?


Paranoid şəxsiyyət pozğunluğu xalq arasında paranoya kimi tanınan psixoloji bir xəstəlikdir. Ən ümumi tərifində bu pozğunluq fərdin digər insanlara qarşı əsassız və davamlı şübhəli və inamsız yanaşmasıdır. 

Davamlı şübhə və inamsızlıq uşaqlıq və ya yeniyetməlik dövründə başlayır. Bu pozğunluq daha çox kişilərdə olur. Paranoyak adamın həddindən artıq etibarsızlığı və şübhə duyması onu ətrafdakı insanların ondan istifadə edəcəyi və ya ona zərər verəcəyi düşüncəsinə qapılmasına səbəb ola bilər. Ona görə də insan daima ehtiyatlı və diqqətli olur. Paranoid düşüncələrə qapılan insanlar sosial və ailə mühitində sağlam ünsiyyət qura bilmir, münasibətləri korlanır.

Paranoid şəxsiyyət pozğunluğuna nə səbəb olur?

Şəxsiyyət pozğunluqlarının təməlində genetik səbəblər mühüm rol oynayır. Bundan əlavə, bioloji, nevroloji və hətta sosioloji səbəbləri də nəzərdən qaçırmaq olmaz. Paranoid şəxsiyyət pozğunluğu nümunəsi araşdırıldıqda, mütəxəssislər pozğunluğun doğru ilə yanlışı ayırd etmə funksiyasını təmin edən beynin ön hissəsində struktur pozğunluğundan qaynaqlandığını müəyyən edə bilərlər. Başqa bir misalda pozğunluğun səbəbi tərbiyə ola bilər. Paranoid şəxsiyyət pozğunluğu dəqiq səbəbi olan bir xəstəlik deyil. Onun bioloji amilləri ilə bağlı aydın məlumatlar aşkar edilməmişdir. Ümumiyyətlə, genetik əlaqə, ətraf mühit faktorları, fiziki və emosional travmaların bu pozğunluğa səbəb olduğu düşünülür. Xüsusilə, ətraf mühit və struktur faktorları paranoyanı tətikləyir.

Paranoid insanlara necə davranmalı?

Paranoid şəxsiyyət pozğunluğu olan bir şəxslə yaşamaq çox diqqət tələb edir. Fərd təkbaşına paranoid düşüncələrlə mübarizə apara bilmədiyi üçün ailə dəstəyi vacibdir. Ailə də paranoyak fərdin özləri haqqında xəyalları ilə mübarizə aparmalı ola bilər. Məsələn, evli bir xəstənin həyat yoldaşından həddindən artıq şübhələnməsi və onu aldadacağını düşünməsi hər iki tərəfin mübarizə aparacağı bir problem olaraq görülməlidir.

Paranoyak insanlarla yol tapmaq və ya dil tapmaq çox çətindir. İnsanın ətrafdakı insanlara inamsızlığı və ona zərər verəcəyini düşünməsi onu tək qalmağa sövq edir. Bu nöqtədə ailə və dostlar xəstəliyə düçar olan şəxsə güvən verəcək şəkildə yanaşmalıdırlar. Paranoid insanların həddindən artıq qəzəbi idarə etmə pozğunluğuna meyli qətl və yaralanmalara səbəb ola bilər. Xəstələrlə yaşayan insanlar bu mövzuda çox diqqətli olmalı və mütəxəssislərə müraciət etməlidirlər.

Mənbə: erdempsikiyatri.com 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et