Bu gün:

Təxirə salma davranışı nədir?


Təxirə salma davranışı, insanın üzürlü səbəb olmadan əldə edilməli olan bir məqsədə nail olmaq üçün üzərinə götürdüyü işi/məsuliyyəti başlamamaq və ya bitirməmək qərarına gəlməsi və bunun yerinə daha az prioritet/əhəmiyyətli işlərlə məşğul olmasıdır. Bu davranış sonradan mənfi nəticələrə səbəb olur.

Bu davranışa nə səbəb olur?

Təxirə salma davranışı insanın akademik həyatı, ictimai həyatı, iş həyatı, maddi vəziyyətləri, sağlamlığı və şəxsi inkişafı kimi bir çox sahələrdə əsl potensialını ortaya qoymasına mane olan bir vəziyyətdir. Təxirə salma davranışı akademik uğursuzluğun ən mühüm səbəblərindən biridir. Orta məktəbdə oxuyan uşaqların 70%-ı bu davranışı nümayiş etdirir. Tənbəl olaraq xarakterizə edilən uşaq və yeniyetmələrin davranışları araşdırıldığında onların əksəriyyətində əsas problemin təxirə salma davranışı olduğu görülür. Ümumi əhaliyə nəzər saldıqda görürük ki, ən azı beş nəfərdən birində bu problem var. Bir çox insanlar təxirə salmaqdan xilas olmaq istəyir, lakin buna nail ola bilmir. Bu, insanın qeyri-adekvatlıq və uğursuzluq hisslərinin artmasına, girdiyi mənfi dövrandan çıxa bilməməsinə, depressiya və narahatlıq pozğunluqları kimi psixoloji problemlərin ortaya çıxmasına səbəb ola bilər. Təxirə salma davranışı, altında yatan faktorlar araşdırılaraq, uyğun üsul və yanaşmalarla müdaxilə edildikdə qarşısı alına bilən bir vəziyyətdir.

Niyə təxirə salırıq?

Təxirə salma davranışı, nəzarəti ələ keçirmə ehtiyacı, həzz istəyi, uğursuzluq və ya bəyənilməmək qorxusu, qeyri-müəyyənlik, özünə inamın azalması və tükənmiş enerji kimi bir çox faktorla əlaqələndirilir. Yaş irəlilədikcə bu davranış azalsa da, iş həyatında görülən işin keyfiyyəti, qazanılan maaş və insanın psixoloji durumu kimi bir çox faktoru mənfi təsir etdiyi görülür. Araşdırmalar göstərir ki, təxirə salma və iki amil bir-biri ilə sıx bağlıdır. Bunlardan biri təxirə salınmış işin xüsusiyyətləri (darıxdırıcı, çətin, yeni və s.), digəri isə şəxsiyyət xüsusiyyətləridir.

Mənbə: ozgunoner.dr.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et