Bu gün:

Əsl dostlar ulduzlar kimidir, qaranlıq çökəndə ortaya çıxarlar


İnsan sosial varlıqdır. Təkbaşına həyatını davam etdirməsi çox çətindir. Məhz bu səbəbdən Uca Allah Hz. Adəmi (ə.s) yaratdıqdan dərhal sonra onunla ünsiyyət qursun, ona yoldaş olsun deyə Həvva anamızı yaratmışdır.

Yaşadığımız bu həyat enişi və yoxuşu olmayan düz bir həyat deyildir. Mövsümlər kimi davamlı dəyişir. Bəzən acı, bəzən şirin, bəzən kədərli, bəzən sevincli olur. Buna görə də sevincli və kədərli günlərimizi paylaşacaq həqiqi dostlara ehtiyacımız var.

Dost seçərkən nələrə diqqət etməliyik? Başqa bir ifadə ilə desək, ən xeyirli dost kimdir?

“Gördüyünüzdə sizə Allahı xatırladan, danışdığı zaman elminizi artıran, etdiyi əməllərlə axirəti yada salan kimsədir”. (Tərğib vət-tərhib, 1/20)

Bu hədis bizə dost seçərkən hansı xüsusiyyətlərə diqqət etmək gərəkdiyi xüsusunda ciddi bir şəkildə xəbərdarlıq edir.

Bütün bunlarla yanaşı, əsl dostu  özümüz qazanmalıyıq. Əsl  dost çətinə düşəndə sənə arxa olur, hər işdə kömək edir. Dostluğun birinci şərti etibardır. Mənfəət xatirinə qurulan dostluğa “alver” deyilir. Müharibə igidi, qəzəb müdriki, ehtiyac isə dostu sınağa çəkir. Cahil və nadan dostdansa ağıllı düşmən yaxşıdır. Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. Dostu olmayan bu dünyada qəribdir. Bizə hər şeydə bizimlə razılaşan, hər dəfə sən başını əyəndə başını əyən dost lazım deyil. Ona qalsa kölgəmiz də dostumuzdur.

Dost dediyin şəxs ya sənə öyrədəcək, ya səndən öyrənəcək, ya da bəzi məsələləri birlikdə müzakirə edəcək, dərdləşəcəksiniz. Bu üç qrupun xaricində bir “dostun” varsa, bu “dostun” sənin üçün zərərdən başqa bir işə yaramaz.

İnsan istər mənfi yöndən, istərsə də müsbət yöndən tez təsirlənən bir varlıqdır. Gördüyü, duyduğu və müşahidə etdiyi şeylərdən dərhal təsirlənir. Tez-tez oturub durduğu kimsələrdən, davamlı getdiyi yerlərdən, ətrafından təsirlənməməsi mümkün deyildir. Məhz bu səbəbdən dinimiz insana düzgün dost seçməsini, dürüst insanlarla münasibət qurmasını qəti bir şəkildə əmr etməkdədir: “Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla birlikdə olun!” (ət-Tövbə, 119)

Mənbə: onedio.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et