Bu gün:

“Əksər abituriyentlərin narahatlığına səbəb ətrafdan gələn reaksiyalardır“


24media.az-ın “1 sual, 1 cavab’’ rubrikasının növbəti müsahibi psixoloq Vüsalə Əmiraslanovadır. O, imtahan həyəcanından danışıb.

-Abituriyentlərdə imtahan həyəcanı nədən yaranır və bunun qarşısını almaq üçün nələr edilməlidir?


Ümumiyyətlə, abituriyentlik dönəmi həyəcanlı bir dönəmdir. Bu dövrdə abituriyentlərin əsas həyəcanı çox vaxt imtahandan keçə bilməmək, yaxud imtahana hazırlaşma müddətində zamanı düzgün bölə bilməmək, istənilən nəticəni ala bilməmək qorxularıdır. Əksər abituriyentlərin narahatlığına səbəb ətrafdan gələn reaksiyalardır, yəni insanların, yaxınların, qohumların sualları, tez-tez onlarla maraqlanmaları və ya azacıq bir uğursuzluq olanda onları günahlandırmalarıdır. Bəzən də bütün günü deyirlər ki "oxuyun, oxuyun". Bu zaman uşaqlarda çox vaxt qıcıq yaranır. Ona görə də bunu aradan qaldırmaq üçün ilk növbədə, abituriyent planlı şəkildə edəcəyi dərsləri müəyyən vaxtlara bölməlidir. Həmçinin qidalanmasına və yuxu rejiminə fikir verməlidir. Çalışmalıdırlar ki, ətraf-aləmlə, yəni onlara qıcıq verən insanlarla çox ünsiyyətdə olmasınlar. Özlərini başqaları ilə müqayisə etməsinlər. Bütün bunlar yaxşı hazırlaşmaları və həyəcanlarının olmaması üçün əsas faktorlardır. Həmçinin onlar imtahanı həmişə dəhşətli, ağır bir gün kimi düşünürlər, amma düşünsələr ki, bu onların ən böyük arzularının həyata keçiriləcəyi bir gündür, o zaman, əlbəttə, bu cür sıxıntılar yaşamazlar. Çalışmaq lazımdır ki, hədəf, məqsəd qoyulsun və o hədəfə, məqsədə görə də özlərinin maraqları, həvəsləri artsın ki, həyata keçirmək istəsinlər.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et