
Enerjini artırdığı deyilən enerji içkilərdən son illərdə gənclər və məktəb yaşlı gənclər tərəfindən daha çox istifadə edilir. Reklamlarda bu içkilərin diqqəti və konsentrasiyanı artırdığı, fiziki və zehni canlılıq verdiyi vurğulansa da, bu içkilərin ciddi mənfi yan təsirləri olduğunu göstərən yazıların sayı getdikcə artır.
Bu mövzuda ən son araşdırmalardan biri ötən ay tanınmış tibb jurnallarından biri olan JAMA-da dərc olunub. Bu araşdırmaya görə, bir qrup subyektə enerji içkisi, digər qrupa isə dadı və rənginə görə energetik içkiyə oxşar içki verilmişdir (nə verən, nə də içənlər hansı qrupa hansı içkilərin verildiyini bilmirdi - ikiqat kor, plasebo nəzarətli). Tədqiqatın sonunda enerji içkisi qrupunda qan təzyiqinin statistik olaraq əhəmiyyətli dərəcədə yüksək olduğu və bədən stress altında olduqda, qanda stress hormonlarının səviyyəsinin də artması (davamlı və ya tez-tez yüksəlmə) aşkar edildi. Stress hormonları damar sağlamlığına, xüsusən də ürək sağlamlığına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir).
Bu və mövzu ilə bağlı bütün araşdırmaların nəticələri göstərir ki, enerji içkiləri iddia edildiyi kimi fiziki və zehni canlılıq vermir, əksinə, yan təsirləri səbəbindən zərərli ola bilər. Enerji içkilərinin əsas zərəri tərkibindəki kofeindir. Sağlam bir gəncdə təhlükəsiz şəkildə qəbul edilə bilən kofeinin maksimum miqdarı gündə 400 mq-dır (bu miqdar təxminən 4 stəkan filtr qəhvə, 10 qutu kola və ya 2 enerji içkisinə uyğundur).
Kofein uşaqlar üçün tövsiyə edilmir (uşaqların qəbul edə biləcəyi maksimum kofein miqdarı gündə 100 mq-dır).
Yetkinlərdə enerji içkilərinin qətiyyən tövsiyə edilmədiyi bəzi qruplar var: ürək-damar xəstələri, yüksək qan təzyiqi olanlar və yuxu pozğunluğundan əziyyət çəkənlər. Bu qrup içmək istəyib-istəmədiklərini mütləq həkimindən soruşmalıdır. Hamilə qadınlar və körpəsi olanlar da ondan çəkinməlidirlər. Dərman qəbul edən xəstələr bu içkilərdən qaçınmalı və ya mümkün qarşılıqlı təsirdən qaçınmaq üçün həkimlərindən xahiş etməlidirlər.
Onu da qeyd etməliyəm ki, yaşlı insanlar kofeinin təsirinə daha həssasdırlar.
Məlumat:
Enerji içkilərində tez-tez rast gəlinən maddələr:
• Kofein
• Şəkər
• Quarana (toxumlarında kofein olan bitki)
• Taurin (amin turşusu)
• Kakao
• Vitamin B
• Jenşen, biyan, kola qozu (tərkibində kofein olan kola ağacının meyvəsi) kimi müxtəlif otlar
Enerji içkilərində sağlamlıq riskləri:
• Nəbz sürətinin artması
• Qaydasız nəbz və ya ürək döyüntüsü
• Artan qan təzyiqi
• Yuxu pozğunluqları
• Həddindən artıq sidik ifrazı
• Yüksək qan şəkəri (bu yan təsir şəkəri olan bütün içkilərdə olur)
Mənbə: ahmetalpman.com
Tərcümə etdi: Aydan Qasımova
