Bu gün:

“Bir vətəndaşı yetişdirmək dövlətin marağında olmalıdır”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Əfsanə Rüstəmovadır. O, uşaq tərbiyəsində ailənin psixoloji dəstəyindən danışıb.


-Uşaqların sağlam bir şəxsiyyət olaraq yetişməsində ailənin psixoloji dəstəyi necə rol oynayır?

İnsanların ilk zamanda yetişdikləri mühit onların inkişafında və gələcək həyatlarında qərar verəndə istinad etdikləri düyünləri yaradır. Və bu düyünlər ilk addımda genin, daha sonra genin təsiri ilə formalaşmış ailənin təsiri ilə yaranır. Daha sonra isə həmin gendə aktiv olan düyünlərlə oxşarlıq yaradan digər şəxslərin təsirləri ilə formalaşır və inkişaf edir. Bu insanlara bir az qarışıq gələ bilər. Sadələşdirə bilərik ki, əgər mənim bağımda torpağım münbitdirsə, bu o deməkdir ki, mən bura hər şey əkə bilərəm. Amma mən əvvəl meyvə yetişdirmiş bir nəslin nümayəndəsiyəmsə və burada müşahidəm odursa ki, alma yetişdirmək daha asandır. Çevrəmdə alma şirəsini və almanı alan daha çoxdursa, bu torpağın mənə verdiyi cəsarətdən və ya məndə var olan göstəricilərdən yola çıxaraq alma satan və ya alma yetişdirən ehtimalım yüksəkdir. Ümumiyyətlə, mən uşaq yetişdirmə mövzusunda ailənin, əsasən, genlə uşağa dəstək olduğunu düşünürəm. Tərbiyə və yetişdirmədə psixoloji, digər cəhətlərdən yetişdirmə öhdəliklərini dövlətin yüklənməli olduğunu düşünürəm. Bu o deməkdir ki, eyni zamanda paltar yumaq, qab yumaq, ev işləri ilə məşğul olmaq, pul qazanmaq məcburiyyəti olan ananı və ya uşağı maddi cəhətdən təmin etməli olan atanın bunlarla yanaşı, tərbiyə ilə məşğul olmalı olduğunu düşünmürəm. Dövlət məktəbdə bu işi öhdəsinə götürməlidir. Bir uşağı yetişdirmək ailənin marağında deyil, bir vətəndaşı yetişdirmək dövlətin marağında olan bir şey olmalıdır. Və həmin vətəndaşdan, ailədən daha çox dövlət xeyir güdür, həmin vətəndaş ailədən daha çox dövlətə xeyir verir. Bu xeyir verməyə görə məncə, tərbiyə işləri dövlətin marağında olmalıdır. Ona görə də, fərqli psixologiyalarda, fərqli hekayələrdə olan ailələrin doğru tərbiyə anlayışı fərqlidir. Bu işin ailələrin ixtiyarına buraxılmasını cəmiyyət üçün zərərli hesab edirəm. Toplumlar yalnız o zaman inkişaf edir ki, onlar çəkici bir yerə vururlar.

 

Fatimə Şükürova

Paylaş
Şərh əlavə et