24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixo maarifləndirmə sosial platformasının qurucusu, psixoloq Kamil Həmidovdur. O, kitabla terapiyanın əhəmiyyətindən danışıb.
-Kitabla terapiya üsulunun psixoloji problemlərin müalicəsində necə rolu var?

Kitabla terapiya ən qədim dövrlərdən istifadə olunan bir psixoterapiya üsuludur. Hələ qədim Yunanıstandakı tarixə bəlli olan ilk xəstəxanada bu üsuldan istifadə edilib. Biz kitabla terapiya adını Azərbaycan dilinə tərcümə olaraq veririk. Əslində, bu metodun adı biblioterapiyadır. Və illər boyunca biblioterapiya öz formasını dəyişib cürbəcür formalarda tətbiq olunub. Psixologiya inkişaf etdikcə, psixoterapiya metodları yarandıqca biblioterapiya adı da bu terapiya üsullarının içərisində metodikaya çevrilib. Yəni psixoanalizdən kimsə istifadə edirsə, seansların birində əsərlərə müraciət edə bilər. Və kitab tövsiyə edib həmin kitab üzərindən analiz edə bilər. Bu metod ilə pasientdə yaranan duyğuları, emosiyaları kitab üzərindən analiz etmək olar. Passientin həyat hekayəsi ilə bağlı olan problemlərinə gedib çıxmaq və problemlərin həllini tapmaq mümkündür. Biblioterapiyanın klassik formasından da istifadə edilir.
Biz 5 ildir bunu kitabla terapiya psixoloji inkişaf kursu olaraq tətbiq edirik. Bu zaman dörd mərhələdən istifadə olunur. Birinci mərhələdə oxucuların hansı obrazlarla özünü eyniləşdirdiyi müəyyənləşdirilir. İkinci mərhələdə bu identifikasiyanın necə baş verməsi barədə müşahidələr aparılır. Hansı reflekslər səbəb olur ki, insan özünü obrazla eyniləşdirir. Üçüncü mərhələdə oxucu bu barədə danışdıqca öz həyat hekayəsinə gedib çıxır. Bu zaman müəyyən bir katarsis halı, yəni xüsusi bir emosional hal yaşayır. Bu hal kədərin ifadə olunması və ya sevincin ifadə olunması ola bilər. Dördüncü və sonuncu mərhələdə isə insan öz probleminin həllini müxtəlif variantlarda görə bilir. Kitab oxuyan insanlar bilir ki, kitab oxuyarkən bizdə fərqli, maraqlı proseslər baş verir. Biz kitabın bir parçası olaraq özümüzü hiss edirik. Və kitab oxuyarkən baş verən prosesləri psixoloqlar istifadə edib pasientin probleminin həlli istiqamətində tətbiq edə bilər. Yaxud şəxsi inkişafı yönündə iş apara bilər.
Fatimə Şükürova
