Bu gün:

“Uşaq cəmiyyətin ona nəzarət etdiyini düşünür”


24media.az-ın “1 sual, 1 cavab’’ rubrikasının növbəti müsahibi psixoloq Aytəkin Məmmədovadır. O, uşaqlarda utanma hissi və bunun aradan qaldırılması haqda fikirlərini bölüşüb.


-Uşaqlarda müşahidə olunan utancaqlığın səbəbləri nədir, valideynlər bunu aradan qaldırmaq üçün hansı üsullardan istifadə etməlidirlər?




Utanma hissi hər bir insan üçün normal bir haldır, lakin bu həddindən artıq və ya idarə olunmaz halda olarsa, o zaman problemli bir məsələyə çevrilir. Burada əsas biotik faktor valideynlərin övladına qarşı tutumu, sosial mühitdə uşaqların yaşadığı adaptasiya problemləri, bulinqlər və s. utanma hissinin idarə olunmamasına gətirib çıxarır. Tərbiyəvi tutumda valideynlərin "ayıbdır" "niyə səhv etdin?" kimi ifadələri tez-tez istifadə etməsi də buna səbəb ola bilər. Bəzən uşaq çox sərt ailədə böyüdülür, müəyyən bir hərəkət edərkən "atam çox əsəbləşər", "anam nə deyər' düşüncələri onu narahat edir. Bu səbəblərdən dolayı utanma hissi çox yüksək olur. Bir çox hallarda isə valideyinlərin həddən artıq nəzarəti də bu hala yol aça bilər. Çünki bu zaman uşaq cəmiyyətin ona nəzarət etdiyini düşünür və səhv etməkdən, dolayısı yolla cəmiyyətdə özünü büruzə verməkdən çəkinir. Bu utancaqlıqla yanaşı, özgüvənin aşağı düşməsinə də səbəb olur.

Sosial mühitə gəldikdə isə adicə tədris prosesi zamanı şagird dərs danışarkən etdiyi kiçik bir səhvdən dolayı ətrafdakıların, xüsusən, yoldaşlarının onu ələ salacağından, güləcəyindən çəkinir və bu utanma hissini formalaşdırır. Bu hallar, həmçinin məktəbə qarşı uşağın daxilində aqressiya yaranmasına, dərslərinə qarşı laqeydliyinə səbəb olur. Bu problemləri aradan qaldırmaq üçün valideynlər dəstəkləyici, daha az tənqidyönümlü olmağa çalışmalıdır. Övlada dəstək olmaq, səhvi olduğu halda bu səhvi anlayışla qarşılamaq və yol göstərmək vacibdir. Nəzərə alsaq ki, uşaqlara həyatı öyrədən valideynləridir, buna görə də valideynlər onlara qarşı maksimum dərəcədə səbrli olmalıdır. Valideyn sərt rejimdən və qəti tənqiddən vaz keçə bilmirsə, psixoloqların dəstəyinə müraciət edə bilər. Ata və ana ilə düzgün qurulan övlad münasibəti bu tipli problemlərin aradan qalxmasında böyük rol oynayır.

Tahirə Bağırzadə

Paylaş