Bu gün:

Rəqs arıqlamağa kömək edirmi?


İnsanların çoxu arıqlamaq arzusundadır. Bu yolda motivasiya çox vacibdir...

Arıqlamaq ilə bağlı təcrübələr onu göstərir ki, rutinin çətinliyi cansıxıcılıq səbəbindən tez-tez tərk edilə və unudula bilir. Buna görə də arıqlamaq üçün daha əyləncəli, lakin təsirli yollar axtarmağa başlaya bilərsiniz. Çoxumuz rəqs etməyi sevirik və rəqs bizə çoxlu faydalar verir.

Rəqs edərək necə arıqlamaq olar?

Rəqs sağlamlığa faydaları olan aerobik fəaliyyətdir. Çəkisi 81 kq olan bir insan yüksək templi rəqslə cəmi 15 dəqiqə ərzində 126 kalori yandıra bilər. Buna görə də arıqlamaq istəyirsinizsə, rəqs etmək kalori yandırmaq üçün əyləncəli bir yol ola bilər.

Pəhrizinizə diqqət yetirirsinizsə, nizamlı rəqs edərək arıqlaya bilərsiniz. Məhdud bir zamanda arıqlamağa çalışırsınızsa, rəqslə bərabər ağırlıq alətini istifadə edərək effektiv nəticə ala bilərsiniz.

Arıqlamaq üçün ən yaxşı rəqs növləri

Hər hansı bir aerobik məşqdə olduğu kimi, rəqs tərzi nə qədər sıx olarsa, bir o qədər çox kalori yandırarsınız. Rəqs ürək döyüntüsünü artırır, bu səbəbdən bəzi rəqs növləri ürək problemi olan insanlar üçün uyğun deyil. Artıq çəkidən qurtulmaq və formada qalmaq üçün rəqs seçərkən hazırkı fiziki vəziyyətinizi və nədən zövq aldığınızı da nəzərə almalısınız.

Bal rəqsləri

Bal rəqslərinin növü olan vals, tanqo, rumba və.s, adətən, yavaş tempdədir. Digər intensiv rəqs üslublarına nisbətən, daha az kalori yandırır. Rəqs etməyə yeni başlayan, oynaq problemləri olan və həmçinin ağır bədən quruluşuna malik insanlar üçün əla seçim ola bilər. Ayaq, qarın və arxa əzələlərin işləməsinə kömək edir. O həmçinin elastikliyi və balansı yaxşılaşdırmaq üçün idealdır. Bədən çəkisi 77 kq olan bir insan 30 dəqiqəlik bal rəqsi ilə təxminən 134 kalori yandıra bilər.

Balet

Balet rəqsin texnika, çeviklik və güc üzərində cəmləşdiyi klassik rəqs formasıdır. Bu rəqs zamanı siz əsas, ayaq, əl və arxa əzələləri işlədirsiniz. Balet yüksək intensivlikli bir rəqs növü deyil, daha az kalori yandırır. Həmçinin əzələ gücünü, elastikliyini və çevikliyini artırır. Bu rəqs oynaq problemləri və ya ağır bədəni olan insanlar üçün uyğun deyil. 30 dəqiqəlik balet 77 kq ağırlığında bir insan üçün təxminən 202 kalori yandırır.

Oriental

Göbək rəqsi məşq etmək üçün əyləncəli bir yoldur və eyni zamanda əhəmiyyətli miqdarda kalori yandırmağa kömək edir. Oriental vasitə ilə arxa və ayaq əzələlərini işləyir. Bu, asan deyil, lakin kalori yandırmaqda kifayət qədər təsirlidir. Göbək rəqsi qarın yağını əridir.

Hip-hop

Daha incə bədənə sahib olmağı hədəfləyirsinizsə, hip-hop rəqsi, həqiqətən, kömək edə bilər. Hip-hop intensiv rəqs hərəkətlərinə malikdir və minimum vaxtda çoxlu kalori yandırır. Hip-hop bütün bədən məşqidir. Ayaq və əsas əzələləri gücləndirməklə yanaşı, tarazlığı, elastikliyi və çevikliyi də yaxşılaşdırır. Çəkisi 77 kq olan bir insan 30 dəqiqəlik hip hop rəqsi ilə 235 kalori yandıra bilər.

Zumba

Zumba, əsasən, fitness proqramıdır və bədəni arıqlatmaq üçün çox təsirlidir. Zumbanın müxtəlif formaları var. Bu rəqs növü qarın nahiyəsini, omba və ayaq əzələlərini hədəf alır. Siz idman zalında zumba dərsinə qoşula bilərsiniz. Həmçinin  onlayn videolardan öyrənərək otağınızda məşq edə bilərsiniz.

Rəqs etmək effektiv kardio məşqdir və arıqlamaq üçün əyləncəli bir yoldur. Rəqsin müxtəlif növləri var və ən yaxşı nəticələr əldə etmək üçün fitness səviyyənizə, sağlamlığınıza və arzularınıza əsasən birini seçməlisiniz. Rəqs janrını öyrənmək üçün rəqs dərsi keçə və ya videolardan öyrənə bilərsiniz.

Mənbə: healthcanal

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş