Bu gün:

"Uşaqlıqdan musiqi ilə məşğul olan insanlar daha fərqli olurlar"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı psixologiya elmləri üzrə fəlsəfə doktoru, psixoloq Bahar Bəylərovadır. O, musiqinin insan ruhu üzərindəki təsiri barəsində danışıb.

– Musiqinin insan mənəviyyatına mənfi və müsbət təsirləri nələrdir?

– Musiqinin insan mənəviyyatına, psixologiyasına müsbət təsirləri var. Amma bəzi musiqilər var ki, onlar həm insan psixologiyasına, həm də fiziologiyasına çox mənfi təsir edir. Bu da musiqinin estetik olub-olmamağından asılıdır. Estetik musiqi odur ki, dinləyərkən insana pozitiv duyğu, pozitiv düşüncə aşılayır, insanı daha ali duyğulara, daha ali məqsədlərə kökləyir, hədəfləyir. Amma qeyri-estetik musiqidə ritm, melodiya, mahnı və ya sözlər insanı çox mənfi duyğulara, düşüncələrə, məqsədlərə kökləyir. Biz musiqinin insana müsbət və mənfi təsirini heç vaxt janra ayırmırıq. Burada məhz musiqi nümunələrindən söhbət gedir, yəni biz onları estetik və qeyri-estetik cəhətdən ayırırıq. Kifayət qədər musiqinin həm psixoloji, həm fizioloji təsiri ilə bağlı, eyni zamanda musiqi dinləməyin təsirləri ilə bağlı, hətta musiqi ifa etməyin, alətlərdə ifa etməyin insana təsiri ilə bağlı tədqiqatlar var. Həmçinin musiqiçi beyni ilə musiqiçi olmayan insanın beyninin fərqlənməsi ilə bağlı tədqiqatlar da var. Mən musiqinin tədrisi məsələsinə də toxunmaq istəyərdim. Artıq tendensiya yaranmalıdır. Düşünürəm ki, musiqini tədris edən müəllimlərin yetişdirilməsində artıq müəyyən yeni bir cığır açılmalıdır. Məktəbəqədər müəssisələrində, ibtidai siniflərdə, yeniyetməlik yaşlarında, ümumitəhsil məktəblərində bu istiqamətdə yeniliklər tətbiq edilməlidir. Artıq bu yeni qaydalarla nizamlanmalıdır, istinad edilməlidir. Düşünürəm ki, alət ifasına belə digər ixtisaslarda yenidən baxılmalıdır. Çünki musiqi terapiyası, musiqi psixologiyası kimi sahələrdə  çox yeni elmi nəticələr əldə edilir. Bunları gözardı etmək həm yeni nəslə, həm də təhsil sisteminə çox böyük zərbə olar. Çünki  bəzi tədqiqatlarda göstərilir ki, uşaqlığında məqsədyönlü incəsənətlə, əsasən musiqiylə məşğul olanlar gələcəkdə daha fərqli olurlar. Eyni zamanda nobel mükafatı alan bir çox elm insanlarında da bu müşahidə edilib, bu çox ciddi statistikadır. Bunu açıb hər kəs araşdıra, oxuya bilər. H. Qardnerin "Çoxnövlü intellekt nəzəriyyəsi"nə görə var, musiqi zəka sahəsinin digər zəka sahələrindən fərqli olduğu və onları da inkişaf etdirdiyi bildirilir. Məqsədyönlü musiqi dərsləri keçiriləndə istər riyaziyyat, istər qavrama, istər sosiallıq, istər fəza təfəkkür təsiri ilə bağlı statistik əhəmiyyətli tədqiqat nəticələri var. Mən özüm ADPU-nun Quba filialında musiqinin tədrisi metodikası fənnindən dərs deyirəm. Həm məktəbəqədər, həm ibtidai sinif müəllimlərinə əlimdən gəldiyi qədər dəstək oluram ki, bu istiqamətdə müəllimlər yetişsin, onların özləri də bununla əlaqəli məqalələr araşdırsınlar. Onlar musiqinin tədrisini istifadə edərək özləri də elmi məqalələri araşdırdıqca şahid olurlar ki, musiqinin tədrisi sadəcə uşağa mahnı oxutmaq, sadəcə musiqi dinlətmək deyil, uşağın həm psixologiyasına, həm də fiziologiyasına çox ciddi təsir edən inkişaf etdirən güclü bir vasitədir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et