Bu gün:

"Danışmaq və susmaq arasında qızıl orta hər zaman önəmlidir"


24media.az-ın növbəti qonağı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri psixoloq Elnur Rüstəmovdur. O, özünüsenzura barəsində danışıb.

Müsahibənin əvvəlində psixoloq Elnur Rüstəmov özünüsenzuranın nə olduğuna aydınlıq gətirib:

"Özünüsenzura insanın öz fikir və düşüncələrinə nəzarət etmə aktıdır. Geniş mənbələrdə özünüsenzuranı başqalarının həssaslıqlarından və ya seçimlərindən qorxmaq yaxud çəkinmək, bunlara hörmət etmək anlayışı kimi ifadə edirlər".

Daha sonra müsahibimiz özünüsenzuranın faydalarından danışıb:

"Özünüsenzuranın müsbət cəhəti ondan ibarətdir ki, dediklərimizə və ya etdiklərimizə qarşı son dərəcə diqqətli oluruq. Bu sistem baş verən situasiyalara qarşı "süzgəc" effektindən istifadə etməyə əsas yaradır".

O cümlədən psixoloq insanda özünənəzarətin güclü olmasının hansı problemlərə səbəb ola biləcəyinə də izah verib: 

"Özünüsenzura könüllü hərəkət sayılır, lakin bu, çox vaxt qorxu, ətraf mühitin və ya şəxsin özünə təzyiqi nəticəsində edilir. 

Hədsiz özünüsenzura zamanı güclü bir nəzarət sistemi altında yenidən düşünməyə vadar edən bu akt özü ilə ciddi müqayisələr gətirir. Şəxs özünü başqaları ilə müqayisə etdikcə öz gözündə kiçilir, dəyər məfhumunu itirir və get-gedə daha da mənasız bir olduğunu düşünməyə başlayır. Həddindən artıq özününəzarət mövqeyi tutmaq, sosial qrupun təsdiqini itirmək qorxusu yaradır. Şəxs sözlərinə və ya hisslərinə amansız senzuralar qoymağa davam edir, bu isə öz növbəsində fiziki və psixi sağlamlığa ciddi ziyan vurur. Fikirlərimizi və şəxsi həyatımızın digər aspektlərini rahatlıqla bölüşə bilməmək bizdə təcrid hissi yaradaraq, yüksək stress faktorunu üzə çıxarır".

Elnur Rüstəmov bu problemin həllini də açıqlayıb:

"Özünüsenzuranın zərərli nəticələrindən qaçmaq üçün özümüzü marjinallaşmadan, yəni orijinal şəkildə ifadə etməli, bir qrupa və ya sosial mühitə uyğunlaşma ehtiyacı arasında olan tarazlıq halını tapmalıyıq".

Emosiyalarımızı ifadə etmək stressi azaldır və bizi dəyərlərimizi paylaşdığımız insanlara daha da yaxınlaşdırır, bizə rifahımız üçün əsas olan aidiyyət və əlaqə hissi verir.

"Özünüsenzura, əslində, bir paradoksu ehtiva edir: siz qrupa uyğunlaşmaq üçün özünüzü senzura edirsiniz, lakin eyni zamanda getdikcə daha çox səhv anlaşılır, beləcə əksinə həmin qrupdan daha çox təcrid olunursunuz.

Danışmaq və susmaq arasında qızıl orta hər zaman önəmlidir. Bəzən susmaq deyilən yüz sözdən daha artığını ifadə edər, bəzən isə susmaq nəinki özünü, özünlə bərabər bir dünyanı məhvə aparar".

Gülay Qəribova

Paylaş
Şərh əlavə et