Bu gün:

"Valideynlər uşaqlarla asudə vaxtlarını keçirməlidirlər"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixoloq Nabat Mirzəyevadır. O, uşaqların məktəbəhazırlıq yaşı haqqında fikirlərini bölüşüb.

-Uşaqların 6 yaşı tamam olmadan məktəbəhazırlığa qəbul edilməsi onların psixologiyasında problemlərə yol açırmı?

Uşaqların 6 yaşa çatmadan məktəbəhazırlığa qəbul edilməsi onların psixologiyasında problem yaratmaz. Məktəb özü bir elmdir. Hazırda internet, telefon, sosial şəbəkələr dövrüdür və bu dövrdə uşaqlarımızı yaxşı mənada bu internetdən, televiziyadan və yaxud elektron əşyalardan uzaq tutmağın yolu təhsildir. Uşaqların psixologiyasına zərər verməmək baxımından, biz övladlarımıza zaman ayırmalıyıq, dərslərini bitirdikdən sonra onların asudə vaxtlarını yaxşı keçirmələri üçün şərait yaratmalıyıq. Ya valideynlər onlarla vaxt keçirməlidir, ya da sadəcə, onlara oyun oynayacaqları bir şərait yaratmalıdırlar. Məktəbəhazırlığın uşaqların psixologiyasına heç bir zərəri yoxdur, çünki bu bir qanundur və xarici ölkələrdə də var, təbliğ olunur. Bundan əlavə, uşaqların həyatı dərk etməsi baxımından lazımdır. Əgər valideyn dörd yaşından etibarən uşağı "dərs, dərs, dərs" deyə sıxışdırarsa, dərsdən başqa heç nəyə vaxt ayırmasına icazə verməzsə, bəli, bu uşağın psixologiyasına mənfi təsir edəcək. Çünki uşaq yorulacaq və öz dünyasına dala bilmədiyi üçün həyatı ancaq dərsdən ibarət olduğu üçün uşağın psixologiyası pozulacaq. Məktəbəqədər zaman dövründə müəllimlər sadə bir proqram keçirlər. Bu sadə proqramla uşaq evə gəldikdən sonra dərslərini etməli, daha sonra dincəlməli, özü üçün oynamalıdır. Uşağın bütün gününü dərsə ayırmasını istəsək, uşaq gərginləşəcək. Əgər uşağın həyatında stressli, əsəbi ana modeli varsa, uşaqlar imtahandan sonra məktəbə başlayanda onların gərginliyi artır. Bu həm onların psixologiyasına, həm də sağlamlıqlarına ciddi ziyan vura bilər. Zehinsəl yorğunluq, uşaqlıqlarını rahat yaşaya bilmədikləri üçün stressli, əsəbi, gərgin ola bilərlər. Əgər uşaq psixoloji olaraq məktəbə hazır deyilsə, bu bir neçə mərhələdə görülür və valideynlərə bildirilir. İmtahan götürən şəxslər uşaqların hər bir davranışına diqqətlə nəzər yetirir, sağlamlıq haqqında arayış tələb olunur, arayış alınan zaman uşaq nevropatoloqdan da, həkimdən də, pediatrdan da keçir. Uşağın ruhsal sağlamlığı da həmin müddət ərzində yoxlanılır, daha sonra arayış verilir. Bundan əlavə, sözsüz ki, uşaqlara ayrıseçkilik edilmir, fəqət hansısa uşaqda psixoloji olaraq bir problem aşkar edilərsə, bu valideynə bildirilir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et