Bu gün:

“Şizofreniyanın yaranmasında stress əsas rol oynayır”


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixoloq Gültəkin Həsənovadır. O, şizofreniya xəstəliyi və yaranma faktorlarından bəhs edib.

-Şizofreniya xəstəliyi nədir və necə yaranır?



Şizofreniya irəliləyən endogen psixi xəstəlikdir. Endogen daxili faktorların köməyi ilə yaranır. Əsas xüsusiyyəti psixi funksiyaların vahidliyinin itirilməsi, insanın özünə qapanması və psixi məhsuldarlığın aşağı enməsi ilə xarakterizə edilir. Bu xəstəlikdə şəxsdə müşahidə edilməyən yeni xüsusiyyətlər yaranmağa başlayır. Sayıqlamalar, qorxular və insan əhvalının kəskin dəyişilməsi kimi hallar müşahidə edilir. Bu sadaladığımız simptomlar neyro-kimyəvi proseslərin pozulması nəticəsində baş verir. Neqativ simptomlar müəyyən funksiyaların itirilməsi ilə baş verir. Nitq inkişafında geriləmə, özünə qapanma və sosial aktivliyin aşağı enməsi halları yaranır. Şizofreniya fundamental qavramanın pozulması ilə müşahidə olunur. Bu xəstənin huşu və intellektual bacarıqları yerində olur. Zaman keçdikcə kommunikativ pozuntular da yarana bilir. Şizofreniya xəstəliyinin yaranması 12-30 yaş aralığında müşahidə edilir. Şizofreniyanın yaranmasında genetik faktorlar iştirak etdiyi kimi daha çox stress faktoru rol oynayır. Stress faktoruna narkotik maddələrindən istifadə və psixo-sosial faktorlar daxildir. Psixo-sosial faktorlar ailə şəraiti ilə bağlı olur. Ailə üzvləri arasında psixo-emosional vəziyyət normal deyilsə, bu xəstəliyin meydana gəlməsi üçün stress faktoru hazır vəziyyətdə olur. Əgər genetikdə və ya yaxın qohumlarda belə bir xəstəlik varsa, həmin şəxslərdə də şizofreniyanın əlamətləri özünü büruzə verəcək.

Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et