Bu gün:

Burun dəliklərimiz bir-birindən müstəqil işləyir



Araşdırmalar göstərir ki, hər burun dəliyindən beyinə ötürülən qoxular beyin tərəfindən iki ayrı siqnal kimi qəbul edilir.


Bir fincan qəhvə içərkən duyduğumuz qəhvənin qoxusu soyuducuda çürüyən tərəvəzlərin qoxusundan fərqlidir. Bəzi qoxular xoşumuza gəlir, bəziləri isə bizdə xoş hisslər oyatmır. Araşdırmalar, yeməyin dadından tutmuş ətraf mühitin təhlükələrini qavramamıza qədər bir çox cəhətdən bizim üçün çox vacib olan qoxu duymanın necə işlədiyinə dair yeni nəticələr əldə ediblər. 


Beynin hər iki yarımkürəsində yerləşən piriform korteks bölgəsi qoxular haqqında məlumatları qəbul və emal edir. Bununla belə, elm adamları piriform korteksin iki tərəfinin qoxulara birlikdə və ya ayrı-ayrılıqda cavab verdiyinə əmin deyildilər. Bu suala cavab axtaran tədqiqatçılar beyin əməliyyatı keçirmiş epilepsiya xəstələri ilə araşdırma aparıblar. Təxminən 1 sm uzunluğunda olan kiçik borular vasitəsilə xəstələrin hər burun dəliyinə müxtəlif maddələr daxil edilib. Piriform korteksdəki dəyişiklikləri aşkar etmək üçün xəstələrin beyninə yerləşdirilən elektrodlardan istifadə edilib.


Nəticələri Current Biology jurnalında dərc edilən araşdırmaya görə, iki burun dəliyindən gələn qoxu məlumatı iki fərqli sinir fəaliyyətinə səbəb olur. Əvvəlcə insan beyninin piriform korteksində müvəqqəti olaraq ikiyə bölünən qoxu məlumatı beyin tərəfindən ayrı-ayrılıqda təhlil edilir və sonra birləşdirilərək bütövlükdə qəbul edilir. Nəticədə qoxunu müəyyən edə bilirik. Bundan əlavə, tədqiqat nəticələrinə görə, qoxu bir burun dəliyindən ötürüldükdə, ilk olaraq beynin bu burun dəliyinə yaxın hissəsi aktivləşir. Beynin digər hissəsi qoxunu daha sonra hiss edir.


Tədqiqat göstərir ki, iki burun dəliyi birlikdə daha yaxşı işləyir, həmçinin qoxuları daha tez və effektiv şəkildə aşkar edə bilir. Bu, göz və qulaq kimi orqanların cütləşməsinin təmin etdiyi funksionallığın vacibliyini göstərir.


Mənbə: Bilim Genç Tübitak 


Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et