Bu gün:

Revmatizm və onun səbəbləri


Revmatizm — Orqanizmin birləşdirici toxumalarını zədələyən və ürək qüsurlarına gətirib çıxaran xəstəlik. Çox vaxt proses diz, topuq, dirsək oynaqlarında gedir. Zədələnmiş oynaqlar şişir dəri isə qızarır.

Revmatizm ilk növbədə əzələ-skelet sisteminə təsir edir; lakin onlar bir çox daxili orqanların tutulmasına da səbəb olan xroniki xəstəliklərdir.

Revmatizm genetikdirmi?

Bir çox revmatik xəstəliklər genetik olaraq ötürülə bilər. Müəyyən genlərin mövcudluğu ilə xəstəliyə qarşı həssaslıq artır və xəstəlik daha şiddətli şəkildə irəliləyir.

Revmatizm əlamətləri nələrdir?

Revmatik xəstəliklər çox geniş və müxtəlif simptomlarla özünü göstərə bilər. Ağrı şikayətləri qabarıq olsa da, bu, aysberqin yalnız görünən hissəsidir. Ümumiyyətlə, oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudiyyəti və səhərlər tutulma mövcuddur. Ağrı xəstəni həkimin yanına gətirən ən əhəmiyyətli şikayətdir. Gənc kişilərdə səhərlər tutulma ilə bərabər bel, kürək və boyun ağrıları olduğu halda revmatik xəstəlik nəzərə alınmalıdır. Gənc yaxud orta yaşlı qadınlar kiçik oynaqlarda ağrı, şişkinlik və səhərlər tutulma ilə də qarşılaşa bilər. Bundan əlavə, ağız və göz quruluğu, dəri səpgiləri, ağızda və genital nahiyədə aftalar, əllərin və ya ayaq barmaqlarının ağarması, saralması və göyərməsi, dəri sərtliyi, saç tökülməsi, əzələ ağrıları və zəiflik, təkrarlanan hərarət, qarın və ya sinə ağrıları epizodları müşahidə edilə bilər.

Revmatizmdə hansı orqanlar tutulur?

Oynaq tutulması aysberqin yalnız görünən hissəsidir. Bəli, xəstələr tez-tez bu şikayətlərlə müraciət edir. Bununla belə, revmatik xəstəliklər ürək, ağciyər, böyrək, sinir sistemi kimi həyati təhlükəsi olan daxili orqanların tutulmasına da səbəb ola bilər. Gərginliklə gələn nəfəs darlığı və/və ya quru öskürək ağciyər tutulmasının ilk əlamətləri ola bilər. Sinə ağrısı və/və ya sürətli ürək döyüntüsü ürək tutulmasının əlamətləri ola bilər. Böyrəklərin rənginin dəyişməsinə, hipertoniyaya və ya böyrək çatışmazlığına qədər gedib çatan böyrək tutulması müşahidə edilə bilər. Həmçinin, baş ağrısı, unutqanlıq, epilepsiya və ya əllərdə və ayaqlarda uyuşma, qarışqalanma və zəiflik sinir sisteminin tutulmasının bəzi əlamətləridir.

Revmatizmanın ağırlaşması:

Revmatik miokardit miokardioskleroz, endokardit isə ürək qüsurları (mitral çatışmazlıq, mitral stenoz və aortal çatışmazlıq) ilə nəticələnə bilər. Endokardit həmçinin tromboembolik ağırlaşmalara (böyrək, dalaq, torlu qişanın infarktı, baş beynin işemiyası və s.) gətirib çıxara bilər. Revmatizm xəstəliyində plevra, perikard boşluğunda bitişmələr formalaşa bilər. Revmatizmin ölümcül təhlükəli fəsadları magistral damarların tromboemboliyası və dekompensasiya olunmuş ürək qüsurlarıdır.

Revmatizmin müalicəsi nədir?

Revmatik xəstəliklər xroniki, iltihablı xəstəliklərdir. Müalicənin məqsədi yalnız xəstəliyi nəzarət altında saxlamaq deyil, həm də xəstələrin funksional vəziyyətini və həyat keyfiyyətini artırmaqdır. Son illərdə inkişaf edən müalicə variantları ilə bu məqsədlərə böyük ölçüdə nail olunmuşdur. Revmatik xəstəliklər ağrıkəsicilərlə deyil, xəstəliyin gedişatını və proqnozunu dəyişdirən əsas dərmanlarla müalicə olunmalıdır. Məqsəd yalnız ağrıya deyil, xəstəliyə nəzarət etmək olmalıdır. Son 10 ildə revmatik xəstəliklərin müalicəsində inqilabi yeniliklər oldu. Bu xəstəliklərin əmələ gəlməsində iştirak edən bəzi molekullar kəşf edilmiş və onlar üçün hazırlanmış dərmanlarla xəstəliyi nəzarət altında saxlamaq mümkün olmuşdur. Kortizon tez-tez revmatik xəstəliklərin müalicəsində istifadə olunan bir dərmandır. Zəruri olduğu hallarda, uyğun dozada və həkim nəzarəti altında təhlükəsiz şəkildə istifadə edilə bilər.

Mənbə: memorial.com.tr

Tərcümə etdi: Aytac Musayeva


Paylaş
Şərh əlavə et