Bu gün:

Sağlamlığa təsir edən əsas amillər hansılardır?


Yaşadığımız mühitdə hər bir insan öz sağlamlığını qorumağa çalışmalı, bunun üçün də bir sıra amilləri yerinə yetirməlidir. 

Heç düşünmüsünüzmü sizcə, insanların sağlamlıq vəziyyətinə təsir edən əsas faktorlar hansılardır?

Qidaların keyfiyyəti

İnsan sağlamlığı üçün düzgün qidalanmanın gündəlik təməl prinsipləri ilə yanaşı, qidaların keyfiyyəti mühüm əhəmiyyətə malikdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada il ərzində təqribən hər 10 nəfərdən biri bakteriya, viruslar, toksinlər və kimyəvi maddələrlə çirklənmiş keyfiyyətsiz qidalardan xəstələnir ki, bu da təxminən 600 milyon insanın sağlamlığının təhlükədə olması deməkdir. Təyinatına uyğun hazırlanmayan keyfiyyətsiz qidalar hər gün 420 min insanın ölümünə və 33 milyon insanın sağlamlığını itirməsinə səbəb olur.

Stress və gərginlik

Dünyada aparılan araşdırmalar xroniki stressin günümüzdə müxtəlif sağlamlıq problemlərinə yol açdığını, əsas ölüm səbəbləri sırasında yer alan ürək, damar və qan dövranı sistemi xəstəliklərinin, eləcə də insanlarda zərərli vərdişlərin yaranmasına ciddi təsir etdiyini göstərir. Nəzərə çatdıraq ki, “Gallup” araşdırmalar şirkətinin 122 ölkədə 127 min insan arasında keçirdiyi sorğuda hər 10 yetişkindən biri narahatlıq və stress yaşadığını bildirib. Hər 10 nəfərdən üçü çox fiziki ağrı çəkdiyini, dörddə birindən çoxu kədər, hər beş nəfərdən biri qəzəb hiss etdiyini bildirib.

Tibbi amillər

Ümumiyyətlə, əczaçılıq bazarının 10 faizindən çoxunun saxta dərman bazarının əlində olduğunu bildirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il bir milyondan çox insan saxta dərmanlar qəbul etməsi səbəbi ilə həyatını itirir. Beynəlxalq Dərman Təhlükəsizliyi İnstitutu dünyada saxta dərman satışının son beş il ərzində 60% artdığını açıqlayıb.

Zərərli vərdişlər

Günümüzdə spirtli içki, siqaret istehlakı və digər zərərli vərdişlər geniş yayılıb. Tədqiqatlar tərkibində 30-dan çox zəhərli maddə olan siqareti gündə bir paketdən çox istifadə edənlərin, ümumiyyətlə siqaret çəkməyənlərə nisbətən xərçəng xəstəliyinə tutulma ehtimalının 10-15 dəfə çox olduğunu sübuta yetirib. Beynəlxalq elmi tədqiqatlara əsasən, 45 yaşdan sonra kişilərdə bütün xəstəliklərin təxminən üçdə biri siqaretdən asılılıqdan qaynaqlanır. 40-49 yaş arası siqaret çəkənlər arasında ölüm nisbəti siqaret çəkməyənlərə nisbətən 3 dəfə, 60-69 yaşlılar arasında isə 19 dəfə çoxdur.

Ətraf mühit faktorları

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada geniş yayılmış 102 xəstəlikdən 85-nin yaranmasında ətraf mühit amillərinin təsirinin olduğunu qeyd edib. Məlumatlara əsasən, dünyada, xüsusilə də inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə ətraf mühit amilləri böyüklərə nisbətən uşaqlara 5 dəfə çox təsir edir.

Bioloji amillər

Tədqiqatlar böyük şəhərlərdə yaşayan insanların ətraf mühitin mənfi təsirləri ilə erkən yaşlanmaya, immunitet sisteminin zəifləməsinə, həddindən artıq psixoloji gərginliyə, hipertoniya və uşaqlarda anormallıqların inkişafına məruz qaldığını göstərib. Bir çox adamlar elə fikirləşir ki, sağlam olmaq, sadəcə, xəstələnməməkdir. Bu hardasa düzdür, ancaq sağlamlıq xəstəliyin yoxluğundan daha çox şey deməkdir. Sağlamlıq tək insanın özünü yaxşı hiss etməsi deyil, həm də mənəvi və sosial rahatlığı deməkdir.

Mənbə: Dove.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et