24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Vəfa Rəşidovadır. O, uşaqların dərsə həvəssiz olmasının səbəblərindən və nə kimi tədbirlər görülməsindən danışıb.
-Valideynləri ən çox narahat edən problemlərdən biri övladlarının dərsə həvəs göstərməməsi, oxumaq istəklərinin aşağı olmasıdır. Sizcə, uşaqlarda dərs oxumağa həvəsi, marağı necə yaratmaq olar?

Əgər uşağın dərs oxumaq kimi həvəsi yoxdursa, deməli, bir problem var. Çünki hər bir uşağın az da olsa, dərsə həvəsi olmalıdır. Bu yoxdursa, burada bir əskiklik var, yəni həvəssizlik, tənbəllik, istəksizlik və yaxud xarakterdə, xüsusiyyətdə, diqqətdə, konsentrasiyada problemlər var deməkdir. İlk növbədə, bunu valideyn psixoloqla müzakirə etməlidir və uşağın dərsə nəyə görə istəksizliyi, oxumamaq kimi problemi var onu psixoloqla araşdırmalıdır. Və bunu dəqiqliklə təyin etdikdən sonra bu istiqamətdə valideyn addımlar atmalıdır. Məsələn, bəzən olur ki, ailələrdə uşaqlara qarşı şiddət olur, valideyn uşağına müəllim kimi davranır. Uşaqda bu şiddətdən qorxur, onda gərginlik yaranır və gərginliyin içində dərsə konsentrasiya ola bilmir, dərslərindən geri qalır, istəksizlik yaranır. Olan həvəs də o şiddətə görə çox aşağı düşə bilir. Bəzən hiperaktiv uşaqlarda bu kimi hallarda DEHP (diqqət əskikliyi) olur. Hiperaktiv, diqqət yayınıqlığı olan uşaqlarda dərsə, oxumağa konsentrasiya çox aşağı olduğuna görə istəksizlik buradan qaynaqlanır. Valideyn bir çox hallarda bilmir ki, uşağında hiperaktivlik, diqqət yayınıqlığı var və bu bir problemdir. Ona görə də uşağı məcbur edir ki, "sən oxumalısan", "sən 5 almalısan", uşaq da bu səbəbdən gərgin, narahat olur, ailə daxilində ciddi problemlər yaşanır.
Bu səbəbləri valideyn şəxsi ailə psixoloqu ilə araşdırdıqdan, uşağa istiqamət verildikdən sonra lazım gələrsə, psixoloq çalışır və uşağın məktəbə, oxumağa həvəsi artır. Bunu valideyn tək bacarırsa, təbii ki, edə bilər. Amma bu xüsusi testlər, diaqnostika üzərindən aparılır deyə dəqiq bilmək üçün psixoloq dəqiqliklə aydınlaşdırmalıdır. Əgər bu problemlər də yoxdursa, valideyn ailə daxilində güzgü efektini həyata keçirməlidir: özü kitabı götürüb oxumalıdır, uşaqda həvəs yaratmalıdır, uşaq da təlqin formasında valideyni yansıtmalıdır. Əgər bunlar da yoxdursa, uşağın İQ yaşını psixolojik testlərdən keçirərək yoxlatmaq lazımdır ki, bəlkə İQ yaşında və yaxud əqlində problemləri vardır ki, dərsə meyilliliyi yoxdur.
Xüsusən, uşaqlarda dərsə meyillilik valideynin gözəl münasibətindən qaynaqlanır, məsələn, uşağa motivasiya vermək, o zəif qiymət aldıqda uğursuz kimi qələmə verməməklə, gələn dəfə sən bacararsan deməklə, yəni valideyn uşağın dərs oxuyub-oxumamağında böyük rol oynayır. Əgər uşaq dərslərini yaxşı oxuyursa, pis oxuyursa da ən böyük rol valideyn üzərinə düşür. Hər iki halda valideynin davranışı çox önəmlidir.
Rəhimə Cəmilova
