Biz tez-tez ağrılı təcrübələrdən qaçmaq üçün nə lazımdırsa edirik. Bu baxımdan ağrı hiss etməmək yaxşı bir şey kimi görünsə də, həqiqət çox fərqlidir.
Həssas qavrayışımızın ayrılmaz bir hissəsi olan ağrı, həyatda qalmağımızı təmin edən ən əhəmiyyətli müdafiə mexanizmlərimizdən biridir. Ağrı hissi bizi toxumalarımızın zədələnməsi barədə xəbərdar edir. Ağrı nosiseptorlar adlanan kimyəvi və mexaniki sensorlar sistemi tərəfindən aşkar edilir. Neyron şəbəkələri nosiseptorlar tərəfindən yaradılan mesajları beyinə və onurğa beyninə ötürür, mesaja uyğun reaksiyanın inkişafını təmin edir.
Tutaq ki, barmağımız qapıya ilişib. Qorxudan əllərimizi tutur və eyni zamanda qışqırırıq. Bəs ağrı hiss etməsəydik?
Zədə və ya zədənin dərəcəsini müəyyən edə bilməzdik. Bu səbəbdən ağrının olmaması super güc xüsusiyyəti deyil. Çünki ağrı olmasaydı, təhdidləri tanımaq və düzəldici tədbirlər görmək mümkün olmazdı. Beləliklə, gözəl bir şey kimi səslənən ağrıdan azad olmaq, əslində, tam bir stimullaşdırma çatışmazlığıdır. Ağrı və ağrıdan qaçmaq bizim həyati, təkamül yolu ilə inkişaf etmiş funksiyamızdır. Paradoksal bir vəziyyət kimi görünsə də, ağrı hissi sağlamlığımız üçün çox vacib və zəruridir.
Mənbə: olaganustukanitlar
Tərcümə etdi: Rəhimə Cəmilova
