Bu gün:

Vikinqlər


Təxminən 800-cü ildən 11-ci əsrə qədər skandinaviyalılar var-dövlət axtarışı üçün vətənlərini tərk etdi.

Birlikdə Vikinqlər və ya Norsemenlər (“Şimallılar”) kimi tanınan bu dənizçi döyüşçülər axtarışa Britaniya adalarında sahilyanı ərazilərdə, xüsusən də müdafiə olunmayan monastırlara basqın etməklə başladılar. Sonrakı üç əsr ərzində onlar Britaniyanın və Avropa qitəsinin çox hissəsində, eləcə də müasir Rusiya, İslandiya, Qrenlandiya və Nyufaundlend ərazilərinin bir hissəsində dəniz quldurları, basqınçılar, tacirlər və köçkünlər kimi iz buraxdılar.

Vikinqlər kimlər idi?


Vikinqlər haqqında bəzi məşhur fərziyyələrin əksinə, deyə bilərik ki, onlar ortaq əcdad və ya vətənpərvərlik ruhu olan “irq” deyildi və hər hansı xüsusi “vikinqlik” anlayışı ilə müəyyən edilə bilməzdilər. İlk vətənləri indiki Danimarka, Norveç və İsveç kimi tanınan ərazilər hesab olunur, baxmayaraq ki, tarixi qeydlərdə Finlandiya, Estoniya və Saami vikinqlərinin də adı var. Onları digər Avropa xalqlarından fərqləndirən əsas cəhətlər– yad ölkədən gəlmələri, “mədəni” olmamaları və ən əsası, xristian dininə etiqad etməmələri idi.
Vikinqlərin vətənlərini tərk etmələrinin dəqiq səbəbləri qeyri-müəyyəndir; bəziləri bunun torpaq azlığı ilə bağlı olduğu fikrini irəli sürür, lakin ilk vikinqlər torpaq yox, zənginlik axtarırdılar. Eramızın səkkizinci əsrində Avropa daha da zənginləşir, qitədəki Dorestad və Quentovic və İngiltərədəki Hamvik (indiki Sauthempton), London, İpsviç və York kimi ticarət mərkəzləri böyüməyə başlayır. Bu şəhərlərin zənginliyi vikinqlərin basqınlarını başa düşülən edir.

Skandinaviya xəzləri yeni ticarət bazarlarında yüksək qiymətləndirilirdi. Skandinaviyalılar avropalılarla ticarət etmələri sayəsində yeni yelkən texnologiyası haqqında, eləcə də artan sərvət və Avropa krallıqları arasında gedən daxili münaqişələr haqqında öyrəndilər. Bütün bunlar onların inkşafına və digər Avropa xalqları ilə inteqrasiyasına gətirib çıxardı.

Mənbə: history.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et