
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı tanınmış psixoloq Vəfa Rəşidovadır. O, imtahan ərəfəsində bəzi abituriyentlərdə yaranmış həyəcanın, gərginliyin səbəblərindən və nə kimi tədbirlər görülməsindən danışıb.
-İmtahan ərəfəsində bəzi abituriyentlər imtahana psixolojik olaraq hazır olmurlar. Sizcə, onlarda yaranmış stress, qorxu və həyəcanın aradan qaldırılması üçün nə kimi tədbirlər görülməlidir?
Bu ondan qaynaqlanır ki, ilk növbədə, valideynlərdə də təşviş olur ki, övladım qəbul olacaqmı və ya olmayacaqmı? Bu kimi davranış onlarada təsir göstərir və həyəcanlarının üstünə həyəcan gəlir. Təəssüflər olsun ki, Azərbaycanda bir çox ailələr bunu qəbul etmirlər, yəni özləri bacarırsa, uşaqlarını bu təşvişə, həyəcana salmasınlar. Bacarmırlarsa, özləri həyəcənlanır, stressə düşürlərsə, həyəcanlarını övladlarından gizlədə bilmirlərsə, psixoloqa müraciət etməlidirlər. Ailə müraciət edib, psixoloqla görüşməlidir, söhbət aparmalıdır. Və psixoloqun dediyi müəyyən istiqamətləri öz üzərlərinə götürməlidirlər. Psixoloq həm valideynlərə, həm də abituriyentə psixoloji dəstək göstərmiş olur. Psixoloq valideynə izah edir ki, hansı davranışlar övladınıza pis təsir edə bilər, hansı davranışlar yaxşı təsir edə bilər. Yəni valideynlər bunu etsələr, həyəcanları da, stressləri də aradan qaldırılmış olacaq. Bunlara əməl edən valideynlər, təəssüflər olsun ki, azdır. Buna görə də abitruyentlər imtahana gedir və stressdən, həyəcandan, qorxudan yaza bilməyib, az bal toplayırlar. Valideynlər bu zaman övladlarına qarşı aqressiv olmağa başlayırlar ki, biz sənin üçün bu qədər əziyyət çəkdik, pul tökmüşdük getdin bu qədər bal yığdın. Lakin düşünmürlər ki, bəzən ruh halı, stress, gərginlik insanı elə bir hala sala bilər ki, insan o anda özünü itirə bilər, təlaşda ola bilər və hazırlıqsız ola bilər. Buna deyirlər psixoloji baxımsızlıq. Bütün insanlar özlərinə qarşı psixoloji baxımlı olmalıdır. Təəssüflər olsun ki, hələ də insanlar Azərbaycanda “psixoloji baxım” nədir tam olaraq anlamayıblar.
Ayna Quliyeva
