Bir çox insanlar şəxsiyyətin sabit olduğunu və dəyişdirilə bilməyəcəyini düşünür. Psixologiya elmində klassik baxışa malik insanların düşüncələrinə görə, insanların şəxsiyyətləri dəyişməz olaraq qalır.
Ancaq bu görüşün çox qəti olduğunu deyə bilmərik, çünki insanlar yaxşı və ya pis daim inkişaf edir. Bir insanın şəxsiyyəti onun indiki xüsusiyyətlərinə, gündəlik nümayiş etdirdiyi davranışlara görə müəyyən edilə bilər.

İnsanların xasiyyətinin dəyişib-dəyişməyəcəyi maraq doğuran mövzulardandır. İnsanların şəxsiyyətlərini dəyişmək qabiliyyətinə malik olduğunu vurğulayan araşdırmaların olması bu mövzuda ümid verir. Bu yolla insanların istədikləri şəxsiyyətə çevrilmələri üçün bir fərqindəlik ortaya çıxmış olur.
Tədqiqatlar şəxsiyyət dəyişikliklərinə diqqət yetirir.
İllinoys Universitetində aparılan bir araşdırma insanların 16 həftə ərzində hansı şəxsiyyət xüsusiyyətlərini inkişaf etdirə biləcəyini yoxlamağa çalışıb. “The Journal of Personality and Social Psychology” jurnalında dərc edilən araşdırma dəyişiklik istəyən insanların istəməyənlərə nisbətən xarakterlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını ortaya qoyub. Tədqiqatçılar əlavə edirlər ki, nəticələr çox qəti ifadələrə imkan vermir, lakin ən azı insan şəxsiyyətinin dəyişməyə həssas olduğuna dair güclü göstəricilər nümayiş etdirir.
Araşdırmanı aparan komandanın fikrincə, dəyişiklik zamanla bağlı olan bir proses kimi qəbul edilə bilər. Əvvəlcə məqsədlər davranışı, sonra bu, mənlik anlayışını dəyişir və nəticədə daha çox davranış dəyişikliyi baş verir.

Son zamanlar şəxsiyyət dəyişiklikləri ilə bağlı ciddi araşdırmalar aparılmağa başlanıb.
Mançester Universitetində və London İqtisadiyyat Məktəbində aparılan başqa bir araşdırmaya görə, insanların şəxsiyyətləri zamanla əhəmiyyətli dərəcədə dəyişə, hətta çox kiçik dəyişikliklər də zamanla böyük miqyaslı dəyişikliklərə səbəb ola bilər.
Social Indicators Research-də dərc olunan başqa bir araşdırma, 4 il ərzində hansı şəxsiyyət xüsusiyyətlərinin dəyişə biləcəyini və bu dəyişikliklərin həyat məmnunluğuna necə təsir edə biləcəyini ortaya çıxarmağa çalışıb. Araşdırmanı aparan qrupdan biri olan Chris Boyce insan şəxsiyyətlərinin zamanla dəyişə biləcəyini və bu dəyişikliklərin yaxşı bir həyatla əlaqəli olduğunu deyir. Boyce əlavə edir ki, onun işi insanın şəxsiyyətinin təməlinə və ətraf mühitə münasibətinə əsaslanır.
Nəhayət, Motivation and Emotion jurnalında dərc olunan məqalədə müəyyən edilib ki, narahatlığı olan insanlar başqa insanlar üçün yaxşı işlər görəndə sosial cəhətdən daha gözəl vəziyyətdə ola bilərlər. Bu araşdırma, insanların şəxsiyyətlərinin dəyişə biləcəyi iddialarını gücləndirən bir profil ortaya qoyur.
Mənbə: Uplifers
Tərcümə etdi: Aydan Qasımova
