Bu gün:

5 fərqli saç problemi üçün 5 fərqli həll


Hər saçın özünəməxsus qayğıya ehtiyacı var. Bəziləri kəpək problemindən şikayətlənsə də, bəzilərində elektrikləşmə problemi var. Hər problemin bir həlli var. Saç problemləri ilə necə məşğul olmağın həlli yolları ilə tanış ola bilərsiniz.

1.Nəm itkisi

Saçlar yayda isti və günəşdən, qışda isə soyuqdan nəmini itirə bilər. Saçların çox nəm itirməməsi üçün krem və yağlardan istifadə etmək vacibdir. Şi yağı və hindistan cevizi yağı saç üçün faydalıdır.

2.Saç tökülməsi

Saç tökülməsi, xüsusilə, mövsümi keçidlərdə baş verir, lakin bu problemə bütün fəsillərdə rast gəlmək olar. Saçları yuyan zaman barmaqların ucu ilə saç dərisini masaj etmək qan dövranını sürətləndirir. Nəticədə, saç kökləri güclənir. Bundan əlavə, bir çimdik rozmarini 20 dəqiqə qaynadıb saçları bu su ilə yaxalamaq yeni saçların çıxmasını sürətləndirir.

3. Kəpək

Kəpək problemi saçda nəmin azalması və quru saç köklərinin soyulması nəticəsində yaranır. Saçınızı nəmləndirərək kəpəkdən xilas ola bilərsiniz. Xüsusilə, seçdiyiniz şampun baş dərinizin qurumasına və kəpəklənməsinə səbəb ola biləcəyi üçün şampunu yaxşı seçməkdə fayda var. Saçınızı çox yaxşı yaxaladığınızdan da əmin olmalısınız. Daha sonra zeytun yağı, bal və yumurtadan hazırlaya biləcəyiniz maskanı həftədə bir dəfə çəkdiyiniz zaman saçlarınızın daha çox nəmləndiyini və kəpək probleminizin aradan qalxdığını görəcəksiniz.

4.Elektrikləşmə

Xüsusilə, sintetik materiallar, eləcə də yun və pambıq kimi tekstil məhsulları saçın daha çox elektrikləşməsinə səbəb olur. Saçlarınızın elektrikləşməməsini istəyirsinizsə, ipək yaylıqdan və parçalardan istifadə edə bilərsiniz. Yastıq üzlüyünü ipək və ya atlaz taxdığınız zaman saçlarınızın daha az elektrikləşdiyini görəcəksiniz.

5.Saç qırılması

Xüsusilə, quru bir quruluşu olan saçlar cansız, zəif və qırılmağa daha meyilli olur. Saçlarınız qırılıbsa, ilk növbədə, onlardan qurtulmaq lazımdır, ona görə də qırıq saçları kəsmək doğru seçim olacaq. Saç mütəxəssisləri saçlarınızın qırılmaması üçün saç uclarınızı arqan yağı ilə nəmləndirməyi tövsiyə edir. Quru saçlar elastikliyini itirdikcə daha tez qırılacaq.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova




Paylaş