
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərovadır. O azyaşlı uşaqlarda müşahidə olunmuş əsəbin, aqresiyyanın səbəblərindən danışıb.
-İndiki dövrdə azyaşlı uşaqlarda yaranmış əsəb xəstəliklərinin səbəbləri nələrdir?
Uşaqlardakı psixoloji və fizioloji problemlərin səbəblərindən biri ananın hamiləlik dövründə yaşadığı stress, sarsıntı, aqresiya, xəstəliklər və s. olur. Bu da sevgi təməli ilə qurulmayan ailələrdən qaynaqlanır. Hamiləlik sıradan bir hadisə deyil, bir möcüzədir. İnsan içində insanın formalaşması kifayət qədər möcüzəvi və diqqət tələb edən bir məsələdir. Amma bəzi ailələrdə bu sıradan bir hadisə kimi qarşılanır. Qadına xüsusi diqqət ayrılmır. Hamilə qadına yaşadılan bütün stress, əsəb, sarsıntı, ona ötürülən negativ enerji uşaqda özünü büruzə verir. Nəticədə, dünyaya gələn uşaqda bir çox xəstəliklər aşkar olunur. Bundan əlavə, sevgi təməli ilə qurulmayan ailədə böyüyən uşaq aqressiv, dalaşqan, əsəbi olur. Evdə böyüklər arasında danışığa diqqət olunmur. Uşaq da düşünür ki, münasibət və ünsiyyət bu formada qurulur. Uşaqlar ailədən eşitdiyi, gördüyü hər hərəkəti, davranışı özündə formalaşdırır. Belə halları kənardan sakit görünüb, daxilən kinli, aqressiv, əsəbi olan valideynin uşaqlarında da müşahidə etmək olar. Hətta el arasında deyilir “Bu cür sakit insanın övladı necə belə ola bilər” və s. Bu gün biz bunların qarşısını almaq üçün qurulan ailələrin təməlinə, yaşanılan münasibətlərə diqqət yetirilməliyik. Ailə qurmazdan əvvəl “Ailə nədir, tərbiyə nədir, tərbiyə necə verilər, hansı tərbiyə ziyan verər, hansı tərbiyə məhv edir, hansı sevgi məhv edir?” kimi sualları özümüzə verməliyik. Çünki bu gün uşağını çox istəyən valideynlər də uşaqlarına bilmədən ziyan verirlər, amma onlar bunu başa düşmürlər. Nəticədə, heç kimi saymayan, empatiyası aşağı, egoist, aqressiv uşaqlar böyüyür. Buna görə də valideynlik mövzusunun üzərinə çox ciddi düşülməlidir. Ailə qurmazdan əvvəl necə ki tibbi analiz verirlər, eləcə də psixoloji durumları analiz olunmalıdır.
Ayna Quliyeva
