Bu gün:

Nə üçün ağrı hiss edirik?


Ağrı bədənimizə daha çox ziyan vurmağımıza mane olan bir stimuldur. Bədənimizdə hiss etdiyimiz ağrılar gündəlik işlərimizi yerinə yetirməyi çətinləşdirir və hətta hərəkətliliyimizi də azaldır.

Ağrı hissi bədənimizdə mövcud olan müdafiə sisteminin bir hissəsidir. Bu hiss sağlamlığa mənfi təsir edən vəziyyətin yarandığını bildirir və bu mənfi təsirə qarşı tədbir görmək üçün bədənə dəyən fiziki zərərin minimuma endirilməsini təmin edir. Üç ağrı növü mövcuddur: səthi ağrı, dərin ağrı (sümük, əzələ, sümü və oynaqların ağrısı), daxili orqanların ağrısı (viskeral ağrı). Səthi ağrılar dəriyə təzyiq olanda və ya 45 dərəcədən artıq istiliklə qarşılaşanda ortaya çıxır.

Ayağımız stolun kənarına dəyəndə və ya yerdəki qırıq şüşə ayağımızı kəsəndə ağrı hiss edirik. Ağrı hissinin həyatımızda mühüm yeri var, çünki bizə bədənimizdə problem olduğunu bildirir. Dərimizdəki reseptorlar bizi zədələyən faktorlara reaksiya verəndə, yəni beynimizə mesaj göndərəndə ağrı hiss edirik. Bunun nəticəsində, narahatlığımızı aradan qaldırmaq üçün bəzi tədbirlər görürük.

Bədənimizdə narahatlıq yarananda ağrı hiss etməsəydik nələr olardı?

Anadangəlmə "analgeziya” ağrını hiss etməmək xəstəliyidir. Bu xəstəliyi olan insanlar toxunma və hissetmə duyğularına sahib olurlar, amma beynin sinir sistemi sanki filtrlənmiş kimi məlumat axınına mane olur, temperatur dəyişikliyini və ya yaralanma kimi təcili tədbir görülməli olan hadisələrə reaksiya vermir. Sinir sisteminin fəaliyyətində yaranan hər hansı çatışmazlıq bir çox problemlər yarada bilər. Belə ki, ağrı ilə əlaqədar siqnal beynə çatmadığından ağrı hiss edilmir, bəzən isə ağrı hiss edilir, lakin ağrının hansı nayihədə olduğu bilinmir. Şübhəsiz, hər iki vəziyyət insan üçün böyük təhlükə yaradır. Çünki ağrı yerinin təsbit edilməməsi ağrının hiss edilməməsinə bərabərdir.

Ağrı hissinin çatdırılması sinir hüceyrələri vasitəsilə reallaşır. Bu hüceyrələr ağrı, acı və sızıltını məhv edən, bədəni rahatlaşdıran “endorfin” maddəsinə malikdir. Endorfin beynimizin istehsal etdiyi ağrıkəsicidir. Endorfin ağrının hiss edildiyi andan etibarən ifraz edilir, ilk təhlükə sovuşduqdan sonra təsiri keçir. Bunun sayəsində ciddi yaralanan insanlar belə müəyyən müddət şiddətli ağrını hiss etmirlər.

Mənbə: Voltapatch

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et