Bu gün:

“Özünəinam özünü hamıdan üstün bilmək deyil...”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi klinik psixoloq Zəhra Hüseynzadədir. O, özünəinamın yaranması və özgüvən əskikliyi haqqında danışıb.


-Özünəinam nədir və necə yaranır?


İnsanın özünəinamı, ilk növbədə, ailədən gəlir, genetik yoldan əlavə, böyüklərinin, valideynlərinin onunla rəftarından formalaşır. Yaxşıları görməyib səhvləri üzə vuran, çox vaxt razı qalmayan, tərifləməyən, həvəsləndirməyən, ancaq pisləyən, yersiz tələbkarlıq edən, hər kəsi idarə etmək istəyən, azadlıq və sərbəstlik verməyən mükəmməlçi valideynlərin övladları adətən özünəinamsız, bunların əksini edənlərin övladları isə özünəinamlı olurlar. Buna görə həmişə valideynlərə Kafkanın “Atama məktub” kitabını oxumalarını tövsiyə edirəm. Böyük yazıçı bir valideynin öz övladının özünəinamını necə məhv etdiyini öz həyatı üzərindən gözəl təsvir etmişdir. Özünəinamı zəif olan insanı yavaşca salam verməsindən, çəkinə-çəkinə danışmasından da tanımaq olur. O, həmçinin işini tərəddüdlə, qorxa-qorxa görür və bu, nəticəyə də mənfi təsir edir. İnsanda özünəinam çatışmazlığı olanda heç kimə “yox” deyə bilmir, özünü çox danlayır, öz səhvlərini bağışlamır, yaradıcı olmur, müstəqil iş qura bilmir. Özünəinamı olan isə özünün zəif cəhətlərini də bilir, qəbul edir, onlara rəğmən, özünü sevir. O, gələcəyinə, təhsilinə, karyerasına dair xəyal qura bilir, bundan motivasiya alır, həvəslənir. Özünəinamı olmayan insan tez-tez digərlərindən təsdiq gözləyir, başqalarına paxıllıq edir, bəzən aqressiv davranır və bəyənilməməkdən qorxur, onda təşviş, qorxu, depressiya və psixoloji bədən ağrılarının yaranma riski yüksək olur. Özünəinam özünü hamıdan üstün bilmək deyil, özünü heç kimlə müqayisə etməməkdir.


Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et