
24media.az-ın “1 sual,1 cavab” rubrikasının budəfədəki müsahibi Psixoloq Fuad Əsədovdur. Psixoloq düzgün valideyn-övlad münasibətinin qurulması haqda danışıb.
-Sizcə, düzgün valideyn-övlad münasibətləri necə qurulmalıdır?
Düzgün valideyn-övlad münasibəti güvən və fayda üzərində qurulmalıdır, yəni valideyin və uşaq arasında güvən olmalıdır. Eyni zamanda, bu güvən bir-birlərinə fayda verəcək şəkildə qurulmalıdır. Düşünək bir uşağın nəyə ehtiyacı var, bir uşağın özünü təhlükəsiz hiss etməsinə ehtiyacı var və bu təhlükəsizlik hissini ən çox valideyndən almaq istəyir, evi onun üçün hüzurlu, təhlükəsiz bir yer olmalıdır. Həmçinin bir uşağın ehtiyacı var ki, ona müstəqillik verilsin və o nələrisə təcrübə eləsin, öyrənsin, bəlkə, səhv edəcək, amma öyrənsin. Bu da güvən əsasında qurulan bir şeydir. Bir uşağın ehtiyacı var ki, ona məsuliyyətlər yüklənsin və o məsuliyyətlərin arxası ilə gedərək özünü inkişaf etdirsin. Bir uşağın ehtiyacı var ki, bu dünyanın real limitlərini anlasın. Uşaq bilməlidir ki, bu dünya çəhrayı rəngdə deyil, burada bəzi problemlər və bəzi təhlükələr var və bunlardan biz özümüzü qorumalıyıq. Eyni zamanda, uşaq dünyanın çox pis bir yer olduğunu da düşünməməlidir, başa düşməlidir ki, bu dünyada yaxşı insanlar da var. Ən əsası uşaq valideyni ilə hər şeyi bölüşə bilməlidir və valideyn onu dinləməlidir, onun hislərinə önəm verməlidir. Valideynlərin çox vaxt etdiyi səhvlər bu olur ki, olar düşünürlər ki, öz istədiklərini elətdirməlidirlər, və uşaqları bundan fayda görəcək, böyüyəndən sonra onları başa düşər, ya da buna görə onları qınamaz. Amma belə deyil, uşağın hisləri zədələndikdə o bəlkə böyüdükcə düşüncələri dəyişə bilər, amma o zədəli hislər hələ də zədəli qalmaqda davam edir. Buna görədə uşağa kiçik yaşlardan hörmətlə yanaşmaq, onu qırmamaq, hislərini zədələməmək, hörmətsizlik etməmək, onunla vaxt keçirmək, söhbət etmək, danışmaq, problemlərini dinləmək lazımdır.
Səmayə Qədirova
