Bu gün:

"Bu rəqəmlər reallığı əks etdirmir!"-Hüquqşünas İlhamə Həsənova ilə müsahibə


24Media.az-ın növbəti müsahibi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 20 saylı vəkil bürosunun müdiri, İlhamə Həsənovadır.


 

“Məişət zorakılığı”, “gender bərabərliyi”, “qadınların hüququnun pozulması” və s. kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir. Problemləri olan yüzlərlə qadınımız var, amma demək olar ki, əksəriyyəti bu barədə kifayət qədər məlumata malik deyillər. Bu gün vəkil İlhamə Həsənovayla bu mövzular ətrafında danışacağıq.

 

“Rəqəmlər reallığı əks etdirmir”

 

Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması üçün yerli və beynəlxalq olmaq üzərə bir çox təşkilatlar tərəfindən islahatlar aparılır, tədbirlər həyata keçirilir, maarifləndirmə işləri sürətləndirilir. Lakin bu addımlar yenə də bu günün rəqəmlərini dəyişdirmir. İlhamə Həsənova qeyd edir ki, statistikaya nəzər saldıqda cari ilin yanvar-mart ayları aralığında 25 qadın məişət zorakılığına məruz qalıb: “Təbii ki, bu rəqəmlər reallığı əks etdirmir, çünki zorakılığa məruz qalıb səsini çıxarmayan yüzlərlə qadın var. Komitə sadəcə ona edilən müraciətlərin statistikasını yayımlayır. Zorakılığa məruz qalmış qadınlarımızın yaş kateqoriyasına baxdıqda təəsüflər olsun ki, 25-50 yaş aralığıdır”.

 

Hərçənd ki, Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən, qadın və kişilər eyni hüquq və azadlıqlara malikdirlər, gender bərabərliyi müstəvisində fərqliliklər özünü müxtəlif insident və keyslərdə göstərə bilir. Müsahibimiz qeyd edir ki, konstitusiya qarşısında hər bir vətəndaş bərabərdir və heç bir qadın yaşadığı təcrübələrə görə utanmamalı və qınanmamalıdır: “Bəzən xanımların özlərində belə öz həmcinsinə qarşı sərt fikirlər formalaşır, “əgər sənə biri söz atıbsa, qısnayıbsa sən buna  şərait yaratmısan, səndə də günah var” burada artıq ədalət prinsipi pozulur”.

 

“25 ildir vəkil ola-ola mən bəzən o qurumlara getməkdən çəkinirəmsə, sadə vətəndaş necə getsin?”


30 sentyabr 2021-ci ildə Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədova keysi ciddi səs-səda doğurmuşdu. Məişət zorakılığı gündəmdə daha çox yerini alsa da, hələ də qadınların bəzi qorxuları var. Vəkil bildirib ki, həyat yoldaşı tərəfindən zorakılığa məruz qalmış qadın polis bölməsinə getmək istəmir, çünki polis əməkdaşlarının onlara birmənalı münasibətlə yanaşmayacaqlarını bilir: “Mən müşahidə etmişəm ki, bəzi qadın vəkillər də polis orqanlarına “vəkil” kimi getmək istəmirlər, səbəbi isə bu xanımara “dırnaqarası” baxılmasıdır. 25 ildir vəkil ola-ola mən bəzən o qurumlara getməkdən çəkinirəmsə, sadə vətəndaş necə getsin? Ona görə də xanımların döyə biləcəyi güvənilir, məlumatların anonim qaldığı qapı olmalıdır”.

 

Məişət zorakılığı, yaxud digər mövzular səbəbilə boşanmağa qərar verən qadınların isə qarşısında daha uzun bir proses dayanır: “Boşanmaların statistikasına baxdıqda boşanmaların əsas səbəbi kimi zorakılıq 4-cü yerdə dayanır. Boşanma məsələsinə gəldikdə isə, hər iki tərəf arasında razılıq varsa tez bir zamanda 1 aya boşanırlar, lakin tərəflər arasında narazılıq olursa 3 aya qədər uzadılır”.



Mühafizə orderləri niyə verilmir?

Hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mühafizə orderlərinin verilməsi ilə bağlı hesabatlar paylaşır. Lakin eyni zamanda sosial media şəbəkələrində vəkillərin zorakılığa məruz qalan qadınların lehinə qərarların verilməməsi, mühafizə orderinin təmin edilməməsi ilə bağlı şikayətlər paylaşırlar. İlhamə Həsənova bu mövzu ilə bağlı qeyd edib ki, hazırda əsas problem məişət zorakılığı ilə qarşılaşan xanımın mühafizə ordeni almaq istəməsinə rəğmən İcra Hakimiyyətləri bir qayda olaraq mühafizə ordenlərini verməməsidir: “Artıq 5 ildir ki, bu qayda qanunvericilikdə öz əksini tapsa da, praktiki olaraq mühafizə ordenlərini almaq mümkünsüzdür. Eyni zamanda xanımlar qınanmaqdan qorxduqları üçün mühafizə orqanlarına müraciət etmirlər, bu da mentalitetdən irəli gəlir. Eyni zamanda qadınlar iş yerlərində fiziki təcavüzlə yanaşı, psixoloji təziqlərə də rast gəlirlər. Qadınlar üçün məlumatların anonim saxlanıldığı xüsusi mərkəzlərin yaradılması yaxşı olardı. Həmçinin burada çalışan şəxslər də ixtisaslaşmış şəxslər olmalıdır”.

 

“Sığınacaqlara ali, müqəddəs yer kimi baxılmalıdır, çünki…”

Hazırda məişət zorakılığına məruz qalıb evlərindən uzaqlaşan qadınların bir çoxu sığınacaqlara yerləşdirilir, yaxud öz istəyi ilə müraciət edir. Vəkil bu mövzu ilə bağlı ciddi bir keysi bölüşür:

 

OXU: “Çünki dünyagörüşü olan qadını idarə etmək çətin olur” -Müsahibə


“Yaxınlarda başıma gələn bir hadisəni sizinlə bölüşüm, bir xanım həyat yoldaşı tərəfindən zorakılığa məruz qalırdı, yoldaşı isə onu xəyanətdə günahlandırırdı, qızın ailəsi isə qızın arxasında durmurdu. Xanım ev tutaraq həyat yoldşı ilə yanaşı ailəsindən də gizlənməli olmuşdu, vəkil kimi mənə müraciət edərək məndən kömək istəmişdi. Qadınlar üçün sığınacaqlarda yer məhdudiyyəti olduğundan ora müraciət edə bilmirdi. Düşünürəm ki, sığınacaqların işi daha təkmil olunmalıdır. Bəzən sığınacağa gedib məskunlaşan qadınlara ailələri pis baxır, sığınacağa ali, müqəddəs yer kimi baxılmalıdır. Sığınacaqlarla bağlı təbliğat işlərinin aparılması şərtdir”.

 

“Məhkəmə tələb etdiyi arayışları “xeyir iş üçün alıram” deyib rüşvətlə alırlar, aidiyyatı qurumlar bu məsələ ilə ciddi məşğul olmur”

 

“Keçən günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilovun maraqlı bir məqaləsini oxudum, atası evinə gedən xanımını geri qaytarmaq istəyən kişi, qayıtmayan yoldaşının qisasını almaq üçün azyaşlı oğlunun başını kəsərək öldürmüşdü. Bu həmin insanda psixoloji pozuntuların olduğunu göstərir. Hüquqi proseslərə nəzər salsaq, nigah bağlantısından əvvəl hər iki tərəfdən tibbi arayışlar tələb olunur, lakin təəssüflər olsun ki, əhali arasında belə bir adət var ki, bu arayışları da “xeyir iş üçün alıram” deyib rüşvət ilə alırlar. Hüquq mühafizə orqanları bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Prosedur olsa da prosedurun reallaşma mexanizmi işlənməlidir”.

2022-ci ildə Vəkillər Kollegiyasında qadın vəkillərdən ibarət “Qadın vəkil alyansı” yaradılıb. Alyansın əsas işi qadın hüquqlarının müdafiəsi, qadın zorakılığı ilə mübarizədir: “Ədliyyə nazirliyinin həyata keçirdiyi bir sıra layihələrdə də iştirak edərək səsi duyulmayan qadınlara yardımlar edirik”.


 


Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyi həyatın bütün sahələrində qadın və kişilərin bərabərliyi ideyalarını ifadə edir. Bütün bunlar cəmiyyətdə gender qeyri-bərabərliyinin ləğv edilməsi və genderə görə balanslaşdırılmış siyasətin inkişafı üçün əsasdır. Azərbaycan Respublikası 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də, insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul etmiş və onlara qoşulmuşdur. Gender problemləri ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir və milli siyasətin prioritet məsələlərindən birinə çevrilmişdir. 

 

Səadət Quliyeva

 

Paylaş
Şərh əlavə et