Bu gün:

“Çünki dünyagörüşü olan qadını idarə etmək çətin olur” -Müsahibə


24Media bu dəfə “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin sədri və qadın və uşaq sığınacağının rəhbəri Mehriban Zeynalova ilə həmsöhbət olub. Söhbət ərzində sığınacağa müraciət prosesindən, müraciət etmiş şəxslərə uyğun meyarlardan bəhs edilib.



Hər ay sığınacağa nə qədər qadın müraciət edir? İllik statistika necədir?

“Hər ay azı 15-20 nəfər müraciət edir, amma hər kəsi qəbul edə bilmirik. Bəzi imkanlarımız məhduddur. Gərək kimisə reabilitasiya edək, yekunlaşdıraq ki, yeni gələnlərin işlərinə başlayaq. İşləyib öz vəziyyətini düzəltmə potensialı olanları, yaşlı və xəstələri, adətən, Sosial Müdafiə Nazirliyinə yönləndiririk. İllik 500-600 nəfərə xidmət göstəririk”.

Ötən illərə nəzərən statistika necə dəyişib?

“Bu, sığınma yerinə və şərtlərinə görə dəyişir. Məsələn 15 sığınma yeri olduqda göstərdiyimiz xidmətə görə illik 150-200 nəfər olurdu. Hamilə və ya uşaqlı qadınlar müraciət etdikdə statistika dəyişə bilər. Qısa müddətli qalanları da nəzərə alsaq, statistika illik 1000 nəfərə də yaxın ola bilər”.

Müraciətlərin motivləri əsasən nələrdən ibarət olur?

“Motivlər müxtəlifdir. Biz, əsasən, gender əsaslı zorakılığa məruz qalmış qadınları qəbul edirik. Bəzən zorakılığa məruz qalmış qadınlar Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bizə yönləndirilir. Müraciət edənlər, adətən, ailədə şiddət görən, cinsi zorakılığa məruz qalan və digər psixoloji situasiyalarla üzləşən qadınlardır. Qadınlar uşaqları ilə birgə müraciət etdikdə 12 yaşdan yuxarı oğlan uşaqlarının sığınacaqda qalmağa şərait olmadığından həmin qadınlar başqa sığınacaqlara yönləndirilir”.

Qadınlar sizə necə müraciət edə bilərlər?

“Sığınacağa gəlməklə, yaxud sosial şəbəkələr vasitəsilə müraciət emək mümkündür”.

Sığınacağa, əsasən, hansı yaş aralığında qadınlar müraciət edirlər?

“Daha çox 15-50 yaş arası qadınlar müraciət edirlər”.

Neçə yaşa qədər qadınları qəbul edə bilirsiniz?

“60 yaşdan yuxarı, səhhətində problem olan qadınları, adətən, qəbul edə bilmirik. Əgər səhhətində hər hansı bir narahatlıq yoxdursa, 60 yaşa qədər qadınları götürə bilirik. Çünki bizdə tibbi personal yoxdur. Düzdür, lazım olduqda təcili yardım çağırırıq, lakin sonraki mərhələdə tibbi yardım üçün imkanlarımız məhduddur. Amma istisna hallar mövcuddur. Məsələn narkotik aludəçisi oğlu tərəfindən şiddətə məruz qalmış 70 yaşlı qadını dərhal qəbul etmişdik”.

Sığınacağa müraciət edən hər qadının bir hekayəsi var. Bu hekayələrdən sizə ən çox təsir edən, heç unutmadığınız hansı idi?

“Zorakılıq elə bir haldır ki, onu kateqoriyalara ayırıb bu daha təsirli idi demək olmaz. Təbii ki, daha faciəvi, daha ağır faktorlarla rastlaşmışıq. Yaxın keçmişdə bir qadın müraciət etmişdi. Həyat yoldaşı ona olmazın işkəncəsini verməklə kifayətlənməyib uşaqlarının gözü qarşısında ona  etik olmayan hərəkətlər edirmiş  və uşaqları buna baxmağa məcbur edirmiş. Bu hadisəni heç unutmuram”.

Aidiyyəti qurumlar qadınların tapdalanan hüquqlarını bərpa etmək üçün hansı işləri görürlər? İstintaq prosesi ilə maraqlanırsınız?

“Əlbəttə. Əgər şəxs fiziki zorakılığa məruz qalıbsa, dərhal hüquq mühafizə orqanlarına müraciət edirik. Ordan ekspertizaya gedirlər və sonrakı prosesdə hüquqşünas istintaqın gedişatı ilə maraqlanır. O cümlədən, məhkəməyə qədər bu işin getməsinə kömək edir”.

Sığınacağa müraciət etmiş qadınların ailələri necə reaksiya verirlər?  

“Bəzi hallarda valideynlər zorakılığın qarşısını almırlar. Əksinə zorakılığın davam etməsində əsas iştirakçıya çevrilirlər. Onlar özləri zamin dururlar ki, biz problemi həll edəcəyik, amma edə bilmirlər. Nə də imkan verirlər ki, burada reabilitasiya prosesi getsin. Bəzən bura gələn qadınların arxasınca elə həmin gün ailələri, qohumları onları çıxarmağa gəlirlər. Bilirlər ki, qadın burada nəsə öyrənəcək, dünyagörüşü dəyişəcək, tabelikdən, itaətdən imtina edəcək və bundan qorxurlar. Çünki dünyagörüşü olan qadını idarə etmək çətin olur”.

Ölkədə qadın hüquqlarının müdafiəsi üçün nə kimi tədbirlər görülür?

“Hazırda “Qadın gündəliyi” platforması yaradılır. Bu platforma şəbəkə şəklində müxtəlif problemlərin həllinə yönəlmiş  fəaliyyətləri həyata keçirəcək. 8 Martda təqdimatımız oldu. Ümid edirəm ki, il ərzində həmin təqdimatda öhdəliyə götürülən məsələlərin bir çoxu gələn 8 Marta qədər öz həllini tapar”.

Dövlət  qurumlarında gender bərabərliyi təmin olunur?


“Yox. İşçi baxımından kişilər qadınlara nisbətən çoxluq təşkil edir. Düzdür, bərabərliyin yaranması üçün cəhdlər var. Məsələn Daxili İşlər Nazirliyində qadınların işə götürülmə sayı əvvəlki illərdən xeyli fərqlənir. Lakin bu, hələ kifayət deyil. Bütün sahələrdə qadın mütəxəssislərin çoxalması cəmiyyətin xeyrinədir”.

Sizcə, feminizm necə təbliğ edilməlidir ki, insanlar onun əsas mahiyyətini anlasınlar?

“Feminizmi təbliğ etmək yox, yaşamaq lazımdır. Bəziləri düşünür ki, inqilab edir. Amma bir az izlədikdən sonra görürsən ki, bu “inqilab” sözlərdən başqa birşey deyil. Əgər sən axıra qədər bu insanların həyatına müsbət təsir edə bilməyəcəksənsə, psixoloji olaraq onlara ümid vermək olmaz. Əgər bu bir konsepsiyadırsa, onu hamı bir yerdə etməlidir. Qadınlar nəyisə dəyişmək istəyirlərsə, ilk növbədə özlərini inkişaf etdirməlidirlər. Təhsil almalıdırlar”.

Çiçək Sadatova 

Paylaş
Şərh əlavə et