Bu gün:

Meymunlarda yumor və ya zarafat anlayışı ola bilər ?


Körpələr səkkiz aylıq olandan sonra başqalarına sataşmağa, onlarla bu şəkildə ünsiyyət qurmağa başlayırlar. Bu davranışa görə dil tələb olunmadığı üçün elm adamları oxşar davranışın heyvanlarda da baş verə biləcəyini düşünürlər. Zarafat insanların qarşılıqlı əlaqəsinin mühüm hissəsidir və sosial intellektə, gələcək hərəkətləri proqnozlaşdırmaq qabiliyyətinə və başqalarının gözləntilərinin pozulmasını tanımaq və qiymətləndirmək qabiliyyətinə əsaslanır. İnsanlarda zarafatın ilk formaları, körpələr ilk sözlərini deməzdən əvvəl, təxminən səkkiz aylıq yaşda görünür. 
Koqnitiv bioloqlar və primatoloqlar qrupunun araşdırmasına əsasən dörd böyük meymun növündə həmin hərəkətlər, yəni zarafatın ilkin formaları aşkarlanmışdır. İnsanlar kimi, meymunların sarkazmı da sürpriz və oyun elementlərini ehtiva edir. Tədqiqatçılar bu davranışları nəzərə alaraq, yumorun ilkin şərtlərinin ən azı 13 milyon il əvvəl inkişaf etmiş ola biləcəyini düşünürlər. Isabelle Laumer izah edir: "Böyük meymunlar bizimlə yaxından əlaqəli olduqlarına, sosial oyunlarda iştirak etdiklərinə, güldüklərinə və başqalarının gözləntilərini nisbətən mükəmməl başa düşdüyünə görə, onlarda zarafat elementlərinin görünməsi təbii haldır".
Qiymətləndirmə nəticəsində komanda oranqutanların, şimpanzelərin, bonoboların və qorillaların hərəkətlərində 18 fərqli zarafat və yumor elementi müəyyən etmişdir.

Mənbə: Evrim Ağacı
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et