
Cazibə qüvvəsinin olmadığı bir mühitdə kosmonavtlar necə qidalanırlar? Kosmonavtların menyusuna şokoladlı tort və omar daxildir. Onlar üçün yemək hazırlayan fransız aşpaz kosmos menyusunun sirlərini açıqlayıb.
Kosmonavtlar, ümumiyyətlə, kosmosda yüksək qida dəyəri olan dondurulmuş quru qidalar ilə qidalanırlar. Ad günləri kimi xüsusi günlərdə kosmonavtlara fərqli menyu təklif olunur. Təklif olunan xüsusi yeməklər kosmonavtların evlərində olduğunu hiss etmələri üçün nəzərdə tutulub. Həmin yeməkləri hazırlayanlardan biri də fransız aşpaz Alain Dukassedir.
Kosmonavtların xəstələnməsinin qarşısını almaq üçün ən vacib qaydalardan biri qidada bakteriya və maye olmamasıdır.
Yeməkdən qırıntıların tökülməməsinə çox diqqət yetirilir. Çünki bu qırıntıların cazibə qüvvəsinin olmadığı bir mühitdə beynəlxalq kosmik stansiyadakı alətlərə zərər verəcəyi ilə bağlı fikirlər var. Yerin cazibə qüvvəsi olmadığı üçün yemək kosmosda çox fərqli dad verir.
Fransız aşpaz və komandası kosmosdan qayıdan kosmonavtların verdiyi məlumatları nəzərə alaraq indiyə qədər 30 kosmik yemək hazırlayıb.
Nəhayət, Beynəlxalq Kosmik Stansiyada 6 ay xidmət etmiş Fransız kosmonavt Tomas Peske üçün xüsusi yeməklər bişirilib.
Hazırlanmış 13 yemək arasında ədviyyatlı pomidor sousu ilə xırtıldayan tərəvəzlər, quinoa və dəniz yosunu sousu ilə omar var.
Kosmonavtlar kosmosda daha az hərəkət etdikləri üçün qəbul etdikləri kalorilər də buna uyğun tənzimlənir və kosmonavtları narahat etməyəcək qidaların seçilməsinə böyük diqqət yetirilir.
Kosmonavtların ən sevimli yeməyi isə şokoladlı tortdur.
Mənbə: Ntv com
Tərcümə etdi: Sevil İsmayılova
