İlk yardım tələb edən vəziyyətlərdə düzgün müdaxilə həyatı xilas edir. Ancaq bəzi yanlış fikirlər təsirli müdaxilənin qarşısını ala bilər. Düzgün ilk yardım müdaxiləsi bəzən həyat və ölüm arasında fərq yaradır. Bununla belə, insan orqanizmi və onun reaksiyası haqqında daha çox öyrəndikcə, keçmişdə öyrəndiklərimizin bəzilərini zamanla yenisi ilə əvəz edə bilərik.
Kərə yağını yanıqlara sürtmək olar?
Bu, əsrlər boyu insanlar arasında geniş istifadə olunan bir üsuldur. Hətta ilk tibbi yardımın atası olan Prussiya cərrahı general Fridrix fon Esmarx yanıqlara kərə yağı sürtməyi təklif etdi. Təzə yanıq havaya məruz qaldıqda böyük ağrıya səbəb olur. Yanıq yerini kərə yağı kimi sərin bir maddə ilə örtmək ağrıları bir müddət rahatlaşdıra bilər. Ancaq bir müddət sonra ağrı yenidən hiss olunur. Bundan əlavə, yanığı soyumadan örtmək istiliyin dəriyə təsirinin davam etməsinə səbəb olur.

Ehtiyacı olmayanın sinəsinə təzyiq etmək xeyirdən çox zərər verə bilərmi?

Qəfil ürək dayanması zamanı sağ qalmağı müəyyən edən ən böyük amil tibbi yardım gələnə qədər xəstəyə ürək masajı edilib, edilməməsidir. İlk tibbi yardım kurslarında xəstənin döş qəfəsinin enib-qalxdığını müşahidə etməli, başı üzərinə əyilib nəfəs alıb-almadığına baxmaq öyrədilir. Xəstə nəfəs almırsa, təcili yardım çağırmaq və ürək masajına başlamaq lazımdır. Xəstənin normal nəfəs alıb-almadığına əmin deyilsinizsə, ilk yardım mütəxəssisləri ürək masajının tətbiq edilməli olduğunu söyləyirlər. Ancaq bəzi insanlar bu prosesdə xəstəyə zərər verə biləcəyindən qorxaraq ürək masajı etməkdən çəkinirlər.
Yaponiyada edilən bir araşdırmada ürək masajının lazım olmadığı halda ürək masajı edilən xəstələrə zərər verib-vermədiyi araşdırıldı. Ətrafdakı insanlar 910 xəstəyə ürək masajı edib. Onlardan 26-da ürək dayanması olmayıb, yalnız üçündə qeyri-ciddi fəsadlar olub. Mütəxəssislər belə qənaətə gəliblər ki, ürək dayanmasının olub, olmadığına əmin deyilsinizsə, ürək masajından çəkinmək olmaz. Bu, bir çox hallarda həyat qurtara bilər.
Ürəyinin dayandığına əmin olmadan defibrillyatorla şoka salmaq yanlışdırmı?

Bu tamamilə yanlış bir fikirdır. Bu cihazlar lazım olduqda qatar stansiyaları kimi ictimai yerlərdə istifadə üçün açıq saxlanılır. Cihaz özü xəstənin elektrik cərəyanına ehtiyacı olub-olmadığını müəyyən edir. Ürəyin ritminin tənzimlənməsi tələb olunmursa, o, avtomatik olaraq şok yaratmır. ABŞ-da aparılan araşdırmalara görə, ürək dayanması zamanı ürək masajı ilə yanaşı, ictimai yerlərdə avtomatik defibrilatorun istifadəsi ilə sağ qalma şansı ikiqat artır. Ancaq xəstəxanalardan kənarda bu cihazların istifadə nisbəti çox aşağıdır. Əksər insanlar cihazın nə üçün olduğunu və onu haradan tapacağını bilmir və bilsələr də, ondan istifadə etməkdə tərəddüd edirlər.
Burun qanayanda başımızı arxaya əyməliyikmi?

Burun qanamasını dayandırmaq üçün başın arxaya əyilməsi qanın udulmasına və ya hətta boğaza daxil olmasına və boğulmaya səbəb ola bilər. Burnunuz qanadıqda ediləcək ən yaxşı şey başınızı irəli əymək və burun sümüyünün altındakı yumşaq toxumanı yumşaq bir şəkildə sıxaraq 10 dəqiqə təzyiq etməkdir. Yarım saatdan sonra qanaxma davam edərsə, həkimə müraciət etmək lazımdır.
Düzgün ürək masajı üçün sinəyə təzyiq göstərməklə yanaşı, ağızdan nəfəs vermək lazımdırmı?

Son onillikdə bu mövzuda tövsiyələrdə bəzi dəyişikliklər olmuşdur. Standart ürək masajı praktikasında sinə nahiyəsinə 15 dəfə təzyiq etmək və sonra iki dəfə ağıza nəfəs vermək tövsiyə olunur. Daha sonra sinə nahiyəsinə 30 dəfə təzyiq etmək və iki dəfə süni nəfəs vermək eyni dərəcədə təsirli olub. Bir müddət sonra ürək masajının süni nəfəs vermədən tətbiqi ideyası irəli sürülüb. Beləliklə, beyinə fasiləsiz qan axını mümkün olub. Bu qan kifayət qədər oksigen daşımasa belə, beyinə tez çatırdı. Tədqiqatlar göstərdi ki, effektivlik baxımından iki üsul arasında çox da fərq yoxdur. Ancaq bu mövzuda edilən bütün məlumatlar araşdırıldığında nəfəs vermədən yalnız ürək masajı tətbiq edildikdə sağ qalma şansının yüzdə 22 artdığı görüldü.
Ancaq uşaqlara və boğulma təhlükəsi olanlara süni nəfəs vermədən ürək masajı tövsiyə edilmir. Bununla belə, bəziləri ürək masajı tələb olunsa belə, qadınların döşlərinə toxunmaqdan çəkinə bilər. 2017-ci ildə ABŞ-da edilən araşdırmada 20 min ürək dayanması hadisəsi araşdırılmış və kişilərdə ürək masajı nisbətinin yüzdə 45 olduğu, qadın xəstələrdə isə bu nisbətin yüzdə 39-a düşdüyü görülmüşdür.
Xəbərdarlıq: Bu məqalə yalnız ümumi məlumat məqsədləri üçün yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir. Sağlamlığınızla bağlı hər hansı narahatlığınız varsa, həkiminizlə məsləhətləşin.
Mənbə: BBC NEWS türkçe
Tərcümə etdi: Nuran Əhmədzadə
