Bu gün:

Sağlam bir münasibət necə olmalıdır?


Hər kəsə aid olan sağlam münasibət üçün 9 əsas addım var.

Açıq ünsiyyət

Sağlam münasibətdə olan tərəfdaşlar bir-birləri ilə həyatlarının hər bir müsbət və mənfi anını danışa bilərlər. Ünsiyyət qurmaq üçün böyük problemlər və ya səs-küy gözləmirlər. Qısacası, iş və ictimai həyatda stress kimi gündəlik həyat problemlərindən, iqtisadi narahatlıqlar və ya ruhi problemlər kimi böyük problemlərdən rahatlıqla danışa biləcəyiniz bir münasibət əldə edilə bilər.

Güvənməyi və etibarlı olmağı bacarmaq

Buraya inam, dürüstlük və ardıcıllıq hissi daxildir. Cütlüklər bir-birlərinin yanında özlərini rahat və sərbəst hiss etdikdə təhlükəsizdirlər.

Partnyorunuzun sizə emosional, fiziki və sosial cəhətdən zərər verməyəcəyini hiss etmək təhlükəsiz bir əlaqənin əlamətidir.

Bundan əlavə, cütlüklər bir-birlərinin maddi və mənəvi maraqlarını nəzərə almalı, bir-birlərinə həvəsləndirici şəkildə yanaşmalıdırlar.

Şəxsi məkanın və fərdiliyin qorunması

Sağlam bir əlaqə balanslı olmalıdır. Cütlüklər bir-birindən asılı ola bilər, amma günün sonunda hər kəsin özünü azad hiss edəcəyi və öz kimliyini qoruya biləcəyi bir məkan olmalıdır.

Dostlarınızla ünsiyyətiniz və ictimai həyatınız davam etməli, yoldaşınız yanınızda olmadığı zaman öz maraqlarınıza və hobbilərinizə vaxt ayıra bilməlisiniz.

Maraq hissi

Sağlam və uzunmüddətli bir əlaqənin ən əsas xüsusiyyətlərindən biri də maraq hissidir.

Partnyorunuzun nə etdiyi və edə biləcəyi ilə maraqlanmaq, ona əhəmiyyət verdiyinizi göstərir. Onların karyera hədəflərini maraqla dinləmələri, gündəlik həyatlarının xırda detallarına fikir vermələri və onları olduğu kimi qəbul etmələri əlaqələri sağlam şəkildə quracaqlar.

Özünüzə vaxt ayırmaq

Cütlüklərin hər zaman bir-birinin yanında olması əlaqələrin yaxşı getdiyinin göstəricisi olaraq qəbul edilir. Ancaq sağlam münasibət saxlamaq üçün həyat yoldaşları özlərinə vaxt ayırmalıdırlar. Şəxsi məkanınızı və vaxtınızı özünüzə qoruduğunuz münasibət sağlamdır.

Əyləncə

Kim birlikdə gülüb əylənəcəyi partnyor istəməz ki? Və ya belə bir tərəfdaşı olan birinin hansı problemi həll etməkdə çətinlik çəkə bilər?

Həyatda stresli və çətin anların öhdəsindən gəlməyə çalışarkən həyat yoldaşınızla birlikdə gülüb oynayaraq keçirdiyiniz kiçik bir an belə münasibətinizi gücləndirəcək ən əhəmiyyətli addımlardan biri olacaq.

Fiziki yaxınlıq

Sağlam bir əlaqə cinsi narahatlıqlardan azaddır. Yaxud cinsi problemlər olsa belə, cütlüklər bir-birləri ilə bu vəziyyəti açıq danışıb, yaxşılaşdırmağa çalışa bilərlər.

Bundan əlavə, həyat yoldaşları bir-birlərinin cinsi sərhədlərinə hörmət edirlər. Cinsi əlaqə hər iki tərəfin özünü yaxşı və təhlükəsiz hiss etdiyi zaman baş verir.

Komanda işi

Sağlam münasibət cütlərin bir-birinə dəstək olmasıdır. Partnyorunuz da sizin ən yaxşı komanda yoldaşınız olmalıdır.

Hər hansı bir mövzuda fərqli fikirləriniz və ya tamamilə fərqli hədəfləriniz olsa belə, bir-birinizi dəstəklədiyiniz və irəli apardığınız bir əlaqə sizin üçün doğru münasibətdir.

Həll yönümlü olmaq

Hətta yaxşı münasibətlərdə də zaman-zaman fikir ayrılıqları yarana bilər. Burada mühüm məqam mübahisənin necə idarə olunması və həll olunmasıdır. Fərqləriniz haqqında mehriban, dürüst və düşüncəli danışa bildiyinizi hiss edirsinizsə, münasibətiniz uzun və sağlam davam edəcəkdir.

Problemləri mühakimə etmədən və ya nifrət etmədən həll edən cütlüklər asanlıqla barışa bilərlər.

Mənbə: terappin.com 

Tərcümə etdi: Gülay Qəribova


































Paylaş
Şərh əlavə et