Bu gün:

Modanın pozduğu qaydalar


Keçmişdə etməməli olduğumuz səhvlər günümüzün trendlərini yaradır. Bizə daha sərbəst geyinmək variantını təklif edir.

Bir zamanlar “geyinmə səhvləri” hesab edilən və zamanla trendə çevrilən dəb qaydaları bunlardır:

• Qara parçalar tünd göy və qəhvəyi parçalarla birləşdirilə bilməz. 

İndiki vaxtda qəhvəyi paltarın altına qara corab və dikdaban ayaqqabı geyinərək dəbli olmaq mümkündür. Gündəlik həyata qara rəng qataraq harmonik şəkildə geyinə bilərik.

• Naxışlı parçalar başqa naxışlı parça ilə istifadə edilə bilməz

Naxışlı paltar seçdiyimiz və digər parçaları düz seçdiyimiz günlər geridə qaldı. İndiki vaxtda şaquli zolaqlı ətəyi damalı kofta ilə birləşdirərək öz stilinizi yaratmaq mümkündür.

• Ziddiyyətli rəngli paltarlar bir-biri ilə geyinilə bilməz

Narıncı və mavi, sarı və bənövşəyi kimi ziddiyyətli rənglərdən istifadə etməmək indi dəbdən çıxıb. Bu gün bütün bu rəngləri birlikdə istifadə edərək canlı kombinasiya yarada bilərik. Xüsusilə narıncı, yaşıl və bənövşəyi kimi rənglər gözəl uyğunlaşa bilir.

• Müxtəlif rəngli ayaqqabı və çantalardan istifadə etmək olmaz

Əvvəllər dəbli olmaq üçün ayaqqabı və çantalarımızın rəngləri və ya heç olmasa tonları eyni olmalı idi. İndi isə narıncı rəngli çanta ilə bənövşəyi ayaqqabıları rahatlıqla geyinə bilirik.

• Gümüş və qızılı rənglər birlikdə seçilə bilməz

Gümüş və qızıl rənglərin eyni birləşmədə istifadə oluna bilməyəcəyi qaydası artıq mövcud deyil. Paltardan əlavə həm qızılda, həm də gümüşdə, xüsusən də, zinət əşyalarımızda istifadə edə bilərik. Hətta zərgərlik dizaynerləri də indi dizaynlarında hər iki variantı birlikdə istifadə etməyə üstünlük verirlər.

• Cins köynək cins şalvarlarla geyinilə bilməz

Dəb qaydalarına görə cins parçaları birlikdə geyinmək mümkün deyil. Lakin bu gün cins köynək və cins şalvarın kombinasiyası çox dəbdədir. Xüsusilə cins köynək növlərinin artması fərqli tonlarda kombinasiyalar yaratmağa kömək edir.

•Parlaq paltarları gündəlik həyatda geyinmək olmaz.

Əvvəllər yalnız zərif tədbirlər və xüsusi gecələr üçün üstünlük verilən parlaq paltarları artıq gündəlik həyatımızda geyinə bilirik. Paltarları sadə ayaqqabı və çantalarla, koftaları isə cins şalvar və ya taytla tamamlamaqla bu parçaları gündəlik geyinilə bilən hala gətirə bilərik.

• Böyük, parlaq zinət əşyaları gündəlik istifadə edilə bilməz.

Bu cür zinət əşyaları ilə sadə kombinasiyaları bəzəyə və canlandıra bilərik. Hətta bu gün cins şalvarla belə gözqamaşdırıcı zinət əşyaları taxmaq mümkündür.

• Qəşəng gecə paltarının altına hündür dabandan başqa heç bir ayaqqabı geyilə bilməz.

Eleqantlığa gəlincə, ilk seçim yenə hündürdaban ayaqqabılardır. Lakin məşhur dizaynerlərin paltarlarının altına çəkmə və ya idman ayaqqabısı geyinmək bu dəb qaydasını pozur və trendlərdən birinə çevrilir.

• Qışda ağ rəngli paltar geyinmək olmaz

Bu qayda, bütün digər qaydalar kimi, pozulur. Qışda ağ paltar və şalvarla küçələrdə rahat gəzə bilirik. Etməli olduğumuz tək şey yağışlı havada nə geyindiyimizə diqqət yetirməkdir.

• Qısa boylu qadınlar uzun paltar geyə bilməzlər

İndi qısa boylu qadınların boylarını artırmaq cəhdləri geridə qalır və geyim tərzləri azad olur. Daha qısa göstərdiyi üçün üstünlük verilməyən uzun paltarlar, altına geyilən hündür daban ayaqqabılarla çox gözəl görünüş yarada bilir.

• Qırmızı saçlı qadınlar qırmızı geyinə bilməzlər

Qırmızı saçlı qadınlar qırmızı rəngi yalnız dodaqlarında və dırnaqlarında deyil, paltarlarında da istifadə edə bilər. Bu görüntü artıq əvvəlki kimi şişirdilmiş hesab edilmir. Xüsusilə, qırmızının şərab tonlarından seçilən sadə modellər qırmızı saçlı xanımlara xüsusi cazibə qatır.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş