Bu gün:

Niyə itirməkdən qorxuruq?


İtirmək qorxusu nədir və insanlara necə təsir edir?

İnsanlar həyatlarının müəyyən dövrlərində, xüsusən də ikitərəfli münasibətlərdə yaxınlarını itirməkdən qorxa bilərlər. İtirmək qorxusu, yaxınlarınızı itirməkdən tutmuş, sahib olduğunuz mövqeni itirməyə qədər müxtəlif sahələrdə yaşana bilər. Ən böyük qorxularımızdan olan itki qorxusu nəzarət altına alındıqda müsbət və insani bir duyğu olaraq ortaya çıxır. Ancaq bu hiss həddi aşaraq, həyatı bədbəxt edəcək səviyyəyə çatdıqda, dəstək almaqla düzəldilməlidir.

Müalicə edilmədikdə, bu cür qorxular daha da irəliləyə və narahatlıq pozğunluğuna səbəb ola bilər. Bəs, itki qorxusu nədir, insanlara necə təsir edir, onun həyata mənfi təsir etməməsi üçün nə etmək olar? REEM Neyropsixiatriya Mərkəzindən Nevroloq Dr. Mehmet Yavuz mövzu ilə bağlı fikirlərini bölüşüb.

İtirmək qorxusu nədir?

İtirmək qorxusu insanların sahib olduqlarını itirmək istəmədikləri zaman yaşadıqları hissdir. Bu vəziyyətin mənbəyi insanın sahib olduğu xoşbəxtliyi itirmək istəməməsidir. Onlar tək qalmaq, sevdikləri insandan ayrılmaq istəmirlər.

Nə qədər ki, bu emosiya mülayimdir, münasibətlərdə motivasiyanı artırır. Ancaq bu hissi vəsvəsəyə çevirmək həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır. Dəstək alınaraq düzəldilməlidir.

Bu vəziyyətdə qorxular psixoloji və fizioloji pozğunluqlara səbəb ola bilər. Misal üçün, İnsanlar güclü stress səbəbiylə narahatlıq pozğunluqları və depressiyanı inkişaf etdirə bilərlər. Bunun kökünə vararaq problemləri kökündən çıxarmaq lazımdır.

İtirmək qorxusunun əsas səbəbləri

İtirmək qorxusunun ən məşhur səbəblərindən biri də ana və atanın tərbiyə tərzidir. Uşaqlıqdan həyatın təhlükələrlə dolu olduğuna və xarici mühitə etibar edilməməsi lazım olduğuna inanan uşaqlar gələcəkdə insanlara etibar etməməyə başlayırlar. Bu vəziyyətdə olan insanlarda ana və atadan asılılıq yarana bilər.

İnsanlarda özünə inamsızlıq yaranır və başqalarından asılı olmaq onlarda insanları itirmək qorxusuna səbəb ola bilər. Davamlı olaraq bu düşüncələrə sahib olmaq insanın əhval-ruhiyyəsinə təsir edə bilər. Hətta obsesyonlara səbəb ola bilər. İtirmək qorxusunu yaradan insanın özüdür. Bunu qəbul etmək və bu hissdən qorxmamaq insanların bu vəziyyətdən çıxmasına kömək edəcək.

İtirmək qorxusu ilə necə məşğul olmaq olar?

• Bunu həll etmək üçün ilk növbədə qətiyyətli mövqe tutmaq lazımdır.

• İnsanlar başqalarının həyatına qarışmağı, onları dəyişdirməyə çalışmağı və ya nəzarət altına almağı dayandırmalı, diqqətini özlərinə yönəltməlidir.

• İnsan həyatına yeni fəaliyyətlər əlavə etməli, özünə vaxt ayırmağı vərdiş halına gətirməlidir.

• Daim itirməkdən qorxduğunuz insanla birlikdə olmaqdan çəkinmək lazımdır.

• İnsanlar unutmamalıdırlar ki, həyatda ən qiymətli sərvətlər özləridir və bundan sonra başqa insanlar gəlir.

• Bu təkliflərə baxmayaraq itirmək qorxusu davam edərsə, psixoloji dəstək bir mütəxəssisdən alınmalıdır.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş