Bu gün:

30 gün şəkər qəbul etməsəniz beyninizə və bədəninizə nə olur?


Rafinə/işlənmiş şəkərin qəbulu çəki artımına səbəb olmaqla yanaşı, insulin müqaviməti, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini artırır və yaddaş və idrak funksiyasına təsir edə bilər. Qablaşdırılmış çörəkdən tutmuş makaron məhsullarına qədər əksər emal olunmuş qidalarda olan rafinə şəkər təkcə beyin dumanına səbəb olmur, həm də qocalmanı sürətləndirir. 

Sizi tez doyurmaq üçün nəzərdə tutulan bir çox işlənmiş qidalara əlavə edilən şəkəri pəhrizinizdən çıxarmaq qeyri-mümkün görünə bilər, lakin şəkəri kəsdiyiniz zaman baş verən bütün heyrətamiz şeyləri başa düşmək tamamilə yeni bir pəhrizə gətirib çıxara bilər.

Şəkərdən imtina etdikdən 1 saat sonra orqanizmdə nə baş verir?

Hər şeydən əvvəl, şəkər yeməyi dayandırdıqdan bir neçə saat sonra şəkərli bir şey istəyəcəyinizi bilməlisiniz. Çünki şəkər asılılıq yaradır və dərman kimi beynin mükafat mərkəzində dopamin reaksiyasını aktivləşdirir. Gündəlik qəbul etdiyiniz şəkərin miqdarından asılı olaraq, qan şəkəri səviyyənizdə dəyişkən düşüşlər, tərləmə, titrəmə, əsəbi əhval-ruhiyyə, aclıq və kədər hiss edə bilərsiniz. Bu simptomları lifli təzə tərəvəzlər, antiinflamatuar protein mənbələri və sağlam yağlarla azaltmaq olar.

1 gün sonra

Şəkər qəbulunu dayandırdıqdan dərhal sonra ən çətin günlərdir. Baş ağrısı və enerji səviyyəsinin azalması kimi çəkilməyə bənzər simptomlarınız ola bilər. Siqareti tərgitmiş bir insan ehtirasla mübarizə apardığı kimi, şəkəri buraxan insanlar da şirin bir şeyə güclü istək yaşayırlar. Ancaq yaxşı xəbər budur ki, şəkərdən imtina etdikdən bir gün sonra da vücudunuz özünü sağaltmağa başlayır. Şəkər bağırsaq sağlamlığınıza təsir edə biləcək zərərli mikroorqanizmləri qidalandırır. İşlənmiş şəkərin kəsilməsi bu mikroorqanizmləri nəzarət altında saxlamağa kömək edir.

1 həftə sonra

Şəkərdən imtina etdikdən bir həftə sonra vücudunuz insulin səviyyələrində və iltihab reaksiyalarında yaxşılaşmadan başlayaraq sürətlə özünü bərpa etməyə başlayır. 72 saat ərzində insulin səviyyələriniz sabitləşməyə başlayanda, digər hormonlar (məsələn, yağın saxlanmasında iştirak edənlər) də normal səviyyəyə qayıdırlar. Dərinin parlaqlığı artır və üzün şişməsi azalmağa başlayır.

30 gündən sonra

Qan şəkərinin sabit səviyyələri, təkmilləşdirilmiş zehni aydınlıq, təbii kilo itkisi və bağırsaq sağlamlığının yaxşılaşması şəkəri buraxdıqdan 30 gün sonra ən aydın müşahidə edilən nəticələrdir. Bağırsağı “ikinci beyin” adlandıran elm adamları da bildirirlər ki, sağlam bağırsaq bədəndəki iltihabı və bir çox sağlamlıq problemlərinin ümumi riskini azaldır.

6 ay sonra

Qan şəkəriniz sabit olduqda, bədən yağınız, xüsusən də qarın yağlarınız azalır. 6 ay şəkər qəbul etməmək sizi daha fit və sağlam edəcək və sizi 3-cü tip diabet, ürək-damar xəstəlikləri və erkən yaşlanma risklərindən uzaqlaşdıracaq. Daha da önəmlisi, 6 ay şəkər qəbul etməsəniz, artıq şəkəri heç istəmədiyinizi, qəbul etsəniz belə dadınızı korladığını görəcəksiniz.

1 il sonra

Şəkər gündəlik qida rasionunuzdan çıxarıldıqda dəri keyfiyyəti yaxşılaşır, sızanaqlar, qıcıqlanma və incə xəttlər azalır. Ürək böhranı və insult, eləcə də diabet kimi qarşısı alına bilən xəstəliklərin ümumi riskində azalma var. Həm də həyat keyfiyyətinizi və uzunömürlülüyü artırır.

Mənbə: Sözcü. com

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et