
Xəbər Mərkəzi - General Certificate of Secondary Education (GCSE) elmi akademik jurnalında dərc olunmuş cari araşdırmaya görə, dünya əhalisinin 8-10 faizini təşkil etdiyi məlum olan mavi gözlü insanlar eyni insanın nəslindəndir.
Uzun illərdir ki, tədqiqatçılar insan gözündə qəhvəyi piqmentin səviyyəsini təyin edən OCA2 genini araşdıraraq bu dəyişikliyə nəyin səbəb olduğunu müəyyən etməyə çalışıblar.
Lakin məlum olur ki, mavi gözlərlə nəticələnən genetik mutasiya OCA2-ni tamamilə söndürən və qəhvəyi rəngi maviyə çevirən HERC2 adlı tamamilə fərqli bir gendən qaynaqlanır.
Kopenhagen Universitetinin alimlərinin fikrincə, mavi gözlər resessiv genlərin məhsuludur və 6-10 min il əvvəl Cənubi Avropada, Qara dəniz ətrafında yaşayan ortaq əcdaddan yaranıb.
Hələ daha çox araşdırmaya ehtiyac olsa da, mutasiyanın insanların Afrikadan Avropaya köçdükləri zaman yayıldığı düşünülür və bu, Avropa əsilli insanlar arasında niyə daha çox mavi gözlü insanların olduğunu izah etməyə kömək edə bilər.
Tədqiqat həmçinin yaşıl kimi digər, daha az rast gəlinən göz rənglərindəki dəyişkənliyi də araşdırıb və mavi gözlü genin tək bir fərddən qaynaqlandığı fikrini möhkəmləndirib.
Tədqiqatın müəllifi, Hüceyrə və Molekulyar Təbabət Departamentindən professor Hans Eiberg Science Daily nəşrinə deyib: "Yaşıl gözlər irislərdə melanin miqdarının azalması ilə izah edilə bilər. Mavi gözlü insanların da ortaq əcdadı var. Bu, elm dərsində öyrəndiklərimizdən qat-qat çoxdur".
İnsanların mavi gözləri necə olur?
İris gözünüzün bir neçə təbəqədən ibarət rəngli hissəsidir. Epitel adlanan üst təbəqə gözə rəng verən melanin (piqment) yerləşdiyi yerdir.
Mavi gözlərin irisində melanin yoxdur. Mavi rəng piqmentdən deyil, gözdəki suya və altındakı təbəqələrə əks olunan işıqdan gəlir. Beləliklə, ən azı bioloji baxımdan mavi gözlər, əslində, rəngsizdir.
Uşağının mavi gözlü olması üçün hər iki valideyn mavi göz genini ötürməlidir. Bu o demək deyil ki, valideynlərin özləri də mavi gözlü olmalıdırlar, onların geni daşıması mümkündür, lakin bu, resessivdir. Ancaq hər iki valideynin gözləri mavidirsə, demək olar ki, uşağın da gözləri mavi olacaq.
Genetik mutasiyaya malik olan bu şəxsin uşaqları olub və bu xüsusiyyət gələcək nəslə ötürülüb. Mavi göz mutasiyası bu nəslin uşaqları olduğu və hər yerə yayıldığı üçün dünyanın bir çox yerinə yayılmağa davam edib.
Mənbə: rudaw.net
Tərcümə: Günay Ələsgərova
