Bu gün:

İnsanın sübut uğrunda mübarizəsi


Xatırlayırıq ki, ilk əla məktəb hesabatımızı alanda qürurla valideynlərimizə göstərmişdik. Bunu həyatımız boyu məktəbdə aldığımız qiymətlər və verdiyimiz imtahanlar izləyir. Akademik karyeramızda irəliləyişlə qürur duyur, eyni zamanda promosyonlarımızı, iş həyatımızda uğurlu, qazanclı təşəbbüslərimizi ailəmiz və sosial dairəmizlə bölüşməkdən həzz alırıq. Ailə həyatı qurarkən və uşaq sahibi olanda ətrafımızdakıların xoşbəxtlik arzularını və təqdirlərini təvazökarlıqla qəbul edir, səmimi qürur hissi keçiririk.

Ömrümüz boyu bütün səylərimiz "Afərin" almaq üçündür. Tərif, xeyir-dua və alqış mənasına gələn afərin üçün böyük səylər göstəririk. Əslində, bütün hərəkətlərimizin əsasında özümüzü sübut etmək səyimiz dayanır. Başqa sözlə desək, biz öz hərəkətlərimizin düzgünlüyünü dəlillərlə ətrafımızdakılara göstərərək nümayiş etdirməyə çalışırıq. Xüsusilə, sosial media bu baxımdan bizim üçün unikal bir vasitə kimi xidmət edir.

Səylərimiz nəticəsində yaxşı nəticələr əldə etməmək bizi məyus edir. Bu vəziyyəti davam etdirmək və bir həll tapa bilməmək həyatımıza heç bir şeydən həzz ala bilməmək, dərin daxili narahatlıq kimi əks olunur.

Bəs niyə insan həyatı boyu özünü ətrafındakılara sübut etmək ehtiyacı hiss edir? Niyə ətrafdakılardan təqdir gözləyir? Niyə özünü güclü, uğurlu və xoşbəxt kimi göstərmək istəyir?

Tərif, xeyir-dua və alqış kimi təyin etdiyimiz sübut ehtiyacının altında yatan əsas hiss dəyərsizlikdir. Bunu fiziki olaraq bədənimizdə çatışmayan bir vitaminlə müqayisə edə bilərik. Vitamin çatışmazlığı fiziki problemlərə səbəb olduğu kimi, xüsusilə, uğursuzluqla qarşılaşdığımız zaman yaşadığımız dəyərsizlik hissi də ruhi problemlərə səbəb olacaq.

Həyatda qarşımıza çıxan problemlər, onların yaratdığı çətinliklər bizim tale planımızla bağlıdır. Bu çətinliklərlə mübarizə üsulumuz seçimlərimizdən ibarətdir. Yanlış seçimlər qarşımızda duran maneələri çətinləşdirir, düzgün seçim isə bu maneələri azaldır və yox edir. Ətrafındakılara özünü sübut etmə hissi ilə seçimlərini edən insan bilmədən dəyər dilənir. Dəyər istəmək xarici asılılığa gətirib çıxarır. Kənardan gözlənilən dəyəri ala bilməmək yaşama xəyal qırıqlığı və narahatlıq kimi əks olunur.

Kənardan alınan dəyər süni və müvəqqətidir. İnsanın öz enerjisi ilə yaratdığı dəyər xarici mənbələrdən asılı deyil və daimidir. Daxili, əsas və təbii qüdrətinə çata bilən insan sübutu tərk edir. Bu vəziyyət daxili rahatlıq olaraq həyatınıza əks olunur.

Mənbələr: Alikirman.com, Pinterest

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et