
Hər kəs həyatında ən azı bir dəfə də olsa "yatmazdan əvvəl yoxsa səhər duş alım?" deyə düşünüb. Məsələnin müsbət və mənfi cəhətləri var.
Bəzi insanlar uzun müddətli vanna qəbul etməyi xoşlayır, bəziləri isə sürətli duşu kifayət hesab edir. Ancaq bəzən təmizlənmə rejimimizin vaxtı ilə bağlı çaşqın ola bilərik. Səhər duşunun və ya axşam duşunun daha yaxşı olacağına qərar vermək üçün hər iki variantın müsbət və mənfi cəhətlərini bilmək lazımdır.
Səhər duşunun müsbət və mənfi tərəfləri
Səhər duşu gecədən tər və bakteriyaları çıxarmağa kömək edir. Xüsusilə yağlı dəriniz varsa, günə təmizlənmiş və təravətli bir dəri ilə başlamaq özünüzü daha yaxşı hiss etdirə bilər. Təbii ki, çox isti yay gecələrindən sonra bədəndə yığılan arzuolunmaz qalıqları atmaq yaxşıdır.
Səhər duşunun başqa bir üstünlüyü günə təzə başlamağa kömək etməsidir. Su altında bir az vaxt keçirmək, xüsusən də oyanmaqda çətinlik çəkirsinizsə, ayılmanıza və canlanmanıza kömək edəcək. Xüsusilə soyuq su ilə səhər duşunun gün ərzində məhsuldarlığı artıra biləcəyinə dair sübutlar var.
Bədənimizdə hər gün yığılan və hətta əmələ gələn kir və tozları da nəzərə alsaq, günün sonunda bu qalıqlarla yatmaq yaxşı olmaya bilər. Xüsusilə makiyaj edirsinizsə və ya müxtəlif dəri məhsulları istifadə edirsinizsə, yatmazdan əvvəl yaxşıca təmizləmək həmişə daha yaxşıdır.
Axşam duşunun müsbət və mənfi tərəfləri
Səhər duşunun canlandırıcı təsirindən danışdıq, ancaq gecə qəbul edilən duşun sakitləşdirici təsirindən də danışa bilərik. Soyuq su sizi oyandıracaq, axşam ilıq duş bədəninizi yuxuya hazırlamağa kömək edəcək. Xüsusilə günün yorğunluğunu atmaq, əzələləri rahatlaşdırmaq və bədən istiliyinizi tarazlaşdırmaq üçün axşam duş qəbul etmək mükəmməl seçimdir.
Bədəndə yığılan kir, toz və bakteriyaları tamamilə təmizlədikdən sonra özünüzü daha yaxşı hiss edə bilərsiniz. Evdən heç vaxt çıxmasanız belə, dərinizdə əmələ gələn yağ və digər qalıqlar gecə və ya ertəsi gün oyandığınız zaman sizi narahat də bilər. Bu baxımdan gecə duşu yenə daha sərfəlidir.
Axşam duşunun dezavantajı odur ki, bir az yağlı dəri ilə oyanmağa səbəb ola bilər. Biz yatarkən dərimiz əlavə yağ istehsal edir. Bu yağ təbəqəsi dərimizdə toplanır. Axşam yaxşı təmizləsək belə, səhər yuxudan duranda dərimizin, xüsusən də üzümüzün daha yağlı olduğunu görə bilərik.
Axşam duşunun başqa bir dezavantajı, xüsusilə yaş saçla yatdıqda saçların qırılmasına, hətta soyuq qış günlərində olsanız bir az soyuqlamağınıza səbəb ola bilər.
Nə etmək lazımdır?
Müsbət və mənfi cəhətləri nəzərdən keçirdikdən və gündəlik vərdişlərə diqqət yetirdikdən sonra qərar vermək sizin ixtiyarınızdadır. Çünki birinin digərindən daha sağlam olduğunu göstərən heç bir sübut yoxdur. Hətta sizin üçün daha yaxşı olarsa, həm səhər, həm də axşam duş qəbul edə bilərsiniz. Ən yaxşısı bunun üçün daimi bir iş rejimi qurmaqdansa, ehtiyaclarınıza, mövsümə və mövsümi dəyişikliklərə baxaraq qərar vermək olar.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
