
Nar qədim zamanlardan indiki Azərbaycanın demək olar ki, bütün ərazisində becərilir. Bu heyrətamiz meyvə üzərində aparılan araşdırmalar göstərib ki, ölkəmiz bu mədəniyyətin yaranması və yayılmasının ilkin mərkəzlərindən biridir. Hazırda Azərbaycanda 200-ə yaxın nar növünün meydana çıxdığı məlumdur ki, bu da bu mədəniyyətin qədim mənşəyindən və ölkədə narın uzun müddət becərilməsindən xəbər verir. Qədim Şərqdə nar kral meyvəsi adlanırdı ki, bunun da meyvənin yuxarı hissəsinin kral tacının forması ilə oxşarlığına görə olduğu güman edilir.
Hazırda narın yayılma zonasına Azərbaycan, İran, Türkiyə, Gürcüstan və Əfqanıstan daxildir. Azərbaycanda çoxlu nar növləri və yabanı formalarının yayıldığı bir çox ərazilər var. Hazırda Azərbaycanda narın demək olar ki, bütün növləri becərilir. Bu meyvə ölkənin simvoludur və buna görə də hər il burada nar bayramının keçirilməsi təəccüblü deyil. Ənənəvi olaraq bayram ölkədə ən yaxşı narın yetişdiyi güman edilən Göyçayda qeyd olunur və şən bayram oktyabrın son həftəsindən noyabrın 7-dək – yəni məhsul yığımı dövründə davam edir.
Festivalda kənd təsərrüfatı məhsulları istehsalçıları rayonun 32 kəndində yetişdirilən nardan müxtəlif çeşidlər, kompozisiyalar və məhsullar nümayiş etdirir, nar yemək və onun şirəsini sıxmaq üzrə müsabiqələr keçirilir. Nar məhsulu dörd aydan çox olmayaraq saxlanıla bilər. Azərbaycanda təkcə qırmızı nar deyil, həm də çox şirin ağ nar yetişir. Nar son dərəcə sağlam məhsul hesab olunur, tərkibində çoxlu minerallar, amin turşuları və vitaminlər var.
Mənbə: sputniknews.ru
Tərcümə etdi: Səmayə Qədirova
