Kədərli bir dostumuz bizə zəng etdikdə onunla şən danışmırıq. Səs tonumuzu daha ciddi və kədərli edirik. Eyni hissləri keçirdiyimizi göstərmək üçün onunla empatiya qurmağa çalışırıq. Başqasının hisslərini və düşüncələrini anlaya bilmək empatiya adlanır.

Önəmli olan bu hissdən lazım olanda istifadə etməkdir. Emosional intensivlik yaxşı tənzimlənməli və lazım olduqda müdaxilə edilməlidir.
Bəzi hallarda insanlar empatiya bacarıqlarından ümumiyyətlə istifadə etmirlər. Məsələn, artıq çəkisi olan qohumu ilə daim zarafat edən insan heç vaxt özünü onun yerinə qoymayıb. Niyə sağlam olmadığını düşünmək əvəzinə, çəkisi ilə ələ salaraq insanı pis hiss etməyə səbəb olur. Siz bu nümunudə empatiyanın düzgün istifadə olunmadığını görə bilərsiniz.
Düzgün empatiyanın sirri
Texnologiyanın inkişafı ilə insanlar arasında ünsiyyət çox asanlaşdı. Həm smartfonlar, həm də sosial media vasitəsilə ünsiyyətin intensivliyi artıb. Ünsiyyət həm yazılı, həm də şifahi şəkildə həyata keçirilir. Hər iki halda ünsiyyətin qızıl qaydalarından olan empatiya düzgün təmin edilməlidir. Bu qabiliyyətin olması insanlar arasında tolerantlığı təmin edir və düzgün ünsiyyətə şərait yaradır. Qarşıdakı insanı anlamaq üçün diqqətlə dinləyib özünüzü onun yerinə qoymalısınız, sonra da nitqinizi hazırlayaraq onunla uyğun sözlərlə ünsiyyət qura bilərsiniz.
Düzgün empatiya qurmaq həm də eqoizm hissinin qarşısını alır. Zamanın insanlara gətirdiyi bir başqa mənfilik də bu hissdən kifayət qədər istifadə etməmək və eqoist davranmaqdır. Empatiya əslində uşaqlıqdan və hətta körpəlikdən gələn anadangəlmə bir hissdir. Bu bacarığı zamanla ailə qohumlarından nümunə göstərməklə inkişaf etdirmək olar.
Necə empatiya qura bilərik?
Bir həmkarınız sabah işə gələ bilməyəcəyini söylədikdə, bunun səbəbini və nə baş verdiyini soruşmadan “Başa düşdüm, tez sağalın" deməyiniz empatiya qurmadığınız anlamına gəlir.
Bu formada hərəkət etmək empatiyadan istifadə etmək istəmədiyiniz və anlaşılmazlıqların, incikliklərin yaranacağı bir mühitə zəmin hazırladığınız deməkdir.
Qarşı tərəfin hisslərini başa düşmək, onun kimi düşünmək üçün yaxşı dinləyici olmaq, lazımi anda uyğun cümlələrdən istifadə etmək lazımdır.
Bu günlərdə empatiya göstərən çox az adam qalmışdır. Birinci məqsəd qarşı tərəfin dediklərinə baxmadan cavab vermək olduğundan, digər şəxsin heç vaxt hisslərini və düşüncələrini anlaya bilməyəcəksiniz. Məsələn, dünyaya yeni uşaq gətirmiş bir tanışınızla rastlaşdığınız zaman onun necə olduğu, özünü necə hiss etdiyini soruşmadan “Körpə kökəlməyib, acdır, yuxuludur” kimi şərhlər söyləsəniz, bu insana birbaşa mənfi təsir göstərəcək. Bu da, həmin insanın sizə qarşı qərəzli hərəkət etməyinə gətirib çıxaracaq. Bu vəziyyətin tam əksinə, yeni doğulmuş körpənin vəziyyətinin necə olduğunu soruşduqdan sonra körpənin daha sağlam olması üçün təkliflər vermək ona zərər verməyəcək və daha müsbət nəticələrə gətirib çıxaracaq.
Mənbə: Sinirbilimokulu
Tərcümə etdi: Sevil İsmayılova
