Bu gün:

Sevmək necə hissdir?



Üsküdar Universitetinin rektoru Prof.  Dr.  Nevzat Tarhan "Psikohayat" jurnalının son sayında sevgi hissi, onun rənglərlə əlaqəsi və növləri haqqında yazıb.



Atomda neytronlar, protonlar və elektronlar olduğu və onları bir-birinə bağlayan cazibə qüvvəsi olduğu kimi, canlılar arasında da cazibə yaradan sevgi hissidir.

Sevgi insanları bir-birinə yaxınlaşdıran görünməz bağ adlandırıla bilən bir hissdir.  Qədimlərin güclü cazibə adlandırdıqları da budur.  Sevgi növləri sevgiyə müxtəlif müsbət emosiyalar əlavə etməklə formalaşır.

Rənglər və emosiyalar 

Ağ təmizliyi göstərən rəngdir. Qırmızı sevgi deməkdir. Sarı qorxunu, mavi isə etibarı təmsil edir. Sərhədsizlik hissi də mavi rəngdə özünə yer tapır. Qara insanı qaranlığa aparan rəngdir.

Emosiyaların birliyi
Sevgiyə ümid əlavə olunduqda insanı motivasiya edir, həyat sevincini artırır.  Sevgi və ümid bir araya gələndə motivasiya yaranır.  Ümidsiz sevgi varsa, acizlik hissi yaranır. Bu səbəbdən ən mühüm müsbət emosiyalar sevgi və ümiddir.  Bu hisslərin birliyi sevgiyə  müsbət təsir göstərir.

Əgər birinin sevgisinin obyekti digər insandırsa, empatiya yaranır. Bu sevgini artırır və dostluq yaratmağa kömək edir.  Sevgi və kədər bir araya gəldikdə mərhəmət və sahiblik hissləri yaranır. Məhəbbət aqressiya ilə birləşdikdə, nəzarət etmək istəyi yaranır. Aqressiv insanlarda məhəbbət sevilən insanı tərbiyə etmək şəklində özünü göstərir.  Bu, tez-tez zərər verən bir sevgidir.

Sevgi növləri
Erotik sevgiyə sonsuz həzz daxildir.  Bu sevgi növündə qarşı tərəfdə cinsi cazibə olduğu üçün cazibə itərsə, sevgi də yox olur. Deməli, bunun şərti sevgi olduğunu deyə bilərik. Cinsi istəklər nəslin davamı üçün vacibdir, eyni zamanda insanın bütün həyatını idarə etmək gücünə malikdir.  Erotik sevgi insanlardan başqa canlılarda da mövcuddur. Romantik sevgi isə mücərrəd həzzi ehtiva edir və daha çox insanlara xasdır.

Sevgi məhəbbət və sədaqətin birləşməsi nəticəsində yaranır.  İnsan sevdiyi insana bağlı olduğu üçün onun haqqında çox düşünür və onu arzulayır. Bir müddət sonra sevgi ehtirasa, yəni sevdiyi insan üçün özünü qurban verməyə çevrilə bilər.  Ona görə də oda atılır, yanır, xəstələnir.  Sevgi elə bir hissdir ki, insan sevdiyinə doğru köç edir.

Transsendental sevgi
Sevgi növlərindən biri transsendental sevgidir. İnsan özünü gücsüz, zəif, qeyri-kafi hiss etdikdə görə bilmədiyi, ancaq hiss etdiyi bir gücə, hər şeyi bilən, hər şeyə qadir, bütün hadisələri nəzarətdə saxlaya bilən, hər şeyin açarı olan bir gücə sevgi duyar. Bu böyük gücə yönəlmiş hiss mənəvi xarakter daşıyır. Bu güclü hiss sədaqətlə birləşərsə, Mövlananın Allah sevgisi kimi dərin bir sevgiyə çevrilir. İnsan bu səviyyəyə çatdıqda elə olur ki, Yaradanı hər an görür və onunladır.  Özünü ona fəda edəcək qədər sevir.

İnsanlar gözəlliyi sevirlər
İnsanın kamilliyi sevməyə meyli var.  İnsan sevmədiyi və ya görüşməkdən zövq almadığı birinin yaxşı tərəflərini bəyənə bilər. Bu, digər canlılarda olmayan bir xüsusiyyət olduğu üçün insanın təkamül qabiliyyətini də göstərir.  İnsan inkişaf prosesində yaşayır.  Onu irəli aparan gözəl sevgi hissidir. İnsanlar status-kvonu və mühafizəkarlığı sevmir, yenilik axtarışında yaşayırlar. Bu məqamda görürük ki, dinamiklik xüsusiyyəti daşıyan sevgi insana ən yaxın və ən faydalı duyğulardan biridir.

Sevgi hissini inkişaf etdirmək olarmı?

Sevgi hissini kütləşdirmək və ya inkişaf etdirmək də mümkündür. Sevgidə önəmli olan sevginin obyektinin nə olmasıdır.  Məsələn, bəzi insanlar çox sevəndirlər, lakin onlar yalnız özlərini və ya yanlış şeyləri sevirlər.  İnsanlar arasında sevgini artırmaq üçün sevgi əməllərinin qarşılıqlı olması vacibdir. Məsələn, ailə daxilində sevgini artırmaq istəyiriksə, ailə üzvlərinə səmimi və mülayim davranaraq hisslərimizi  göstərməkdə fayda var. Bununla belə, sevgi qarşılıq verilməyəndə yox olur. Onun davamlı qidalanması lazımdır.


Mənbə : Nevzat Tarhan

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et