Bu gün:

Anoreksiya Nevroza nədir?


Anoreksiya nervoza bir yemək pozğunluğudur. Psixoloji xəstəlik olan anoreksiya mütləq müalicə olunmalıdır, əks halda insanın həyatını təhlükə altına ala bilər. Yaşından və cinsindən asılı olmayaraq hər bir fərddə yaşana bilən bu yemək pozğunluğunda həddindən artıq kilo itkisi görülür. Çox vaxt yeniyetmə qadınlarda müşahidə olunur. 10-19 yaş arası yeniyetməlik dövrü olaraq təyin olunur.

Bütün hallarda görülən ümumi əlamət, insanın xarici görünüşündən və çəkisindən narazı olması, arıq olsa belə daima artıq çəki hiss etməsidir. Bu narazılıq nəticəsində insan saxlamaq çətin olan yemək vərdişləri ilə məşğul olur. Bu səbəbdən insanın həyatı həm fiziki, həm də mənəvi cəhətdən mənfi təsirlənir və insanda intihara qədər irəliləyəcək psixoloji problemlər yaşana bilər. Beləliklə, anoreksiya nervoza nədir və necə müalicə olunur?

Anoreksiyanın səbəbləri nələrdir?

Bu yemək pozğunluğunun səbəbi tam olaraq bilinməsə də, anoreksiya nervoza səbəblərinin genetik quruluşa, ətraf mühit faktorlarına və şəxsi xüsusiyyətlərinə bağlı olaraq meydana gəldiyini söyləmək olar. İnsan bu prosesə tez-tez pəhriz saxlamaqla başlayır və qeyri-sağlam çəkiyə çatana qədər irəliləyir. Nəticədə, bu insanlar kökəlməkdən həddindən artıq qorxurlar. Bu əhval-ruhiyyəyə səbəb olan mühüm amillərdən biri də ətraf mühitdir. Xüsusən də mediada arıq olmağın gözəl olduğu ilə bağlı yanlış təsəvvürlər və insanlarda artıq çəkidən əziyyət çəkən insanların həm sosial, həm də peşə həyatında uğursuzluğa düçar olacağı düşüncəsi buna gətirib çıxarır. Bundan əlavə, uşaqlıq dövründə yaşanan zorakılıq kimi böyük travmalar da bunda təsirli olur.

Anoreksiyanın əlamətləri hansılardır?

Anoreksiya nervozasının fiziki simptomları aşağıdakı kimi sıralana bilər: Həddindən artıq kilo itkisi, həddindən artıq gərginlik, başgicəllənmə, aşağı qan, hipotansiyon, mədə ağrısı, quru dəri, menstruasiya pozuntusu, saç və dırnaqların qeyri-sağlam görünüşü, soyuğa dözümsüzlük, yuxusuzluq.

Anoreksiya necə müalicə olunur?

Anoreksiya nervoza, insanın yaşına, simptomlarına və tibbi tarixçəsinə görə tətbiq edilir və buna görə də fərdiləşdirilir. Müalicə multidisiplinar yanaşma ilə həyata keçirilir. Yəni müalicə prosesi birdən çox həkimin nəzarətindədir. Müalicə prosesində pəhriz üçün mütəxəssis köməyi alınır və insanın normal çəki almasına köməklik göstərilir. Mütəxəssis psixoloji dəstəyi ilə şəxs həm emosional, həm də davranış problemlərini tənzimləməyə kömək edir. Vəziyyət kritik bir mərhələyə keçmədən yardımı qəbul edən insanlar düzgün planlaşdırılmış müalicə prosesi ilə sağlam bədən və ruha nail olacaqlar.

Bu vəziyyət üçün heç bir dərman müalicəsi yoxdur. Ancaq depressiyanın müalicəsində istifadə edilən bəzi antidepresanlar müalicəyə daxil edilə bilər, buna mütəxəssis həkim qərar verir. Həm müalicə prosesindən əvvəl, həm də müalicə müddətində insanı çətin bir dövr gözləyir. Tam sağalma prosesi uzun sürəcəyi üçün insan müalicənin nəticə vermədiyini düşünə bilər. Bundan əlavə, insanın kökəlmək qorxusu müalicə boyu davam edə bilər. Bu səbəbdən müalicə davam edərkən insanlar köhnə vərdişlərinə qayıda bilər. Ona görə də insanın uzun müddət psixoloji dəstək alması vacibdir. 

Mənbə: Büyük Anadolu Hastanesi.com 

Tərcümə etdi: Rəhimə Cəmilova 


Paylaş
Şərh əlavə et